4 avqust 2025-ci il tarixində Peşəkar Tennisçilər Assosiasiyası (ATP) Serbiya paytaxtı Belqradda keçirilməsi planlaşdırılan ATP-250 kateqoriyalı turnirin Yunanıstanın Afina şəhərinə keçirildiyini açıqlayıb.
90deqiqe.Az-ın "AS USA"ya istinadən məlumatına görə, bu qərarın səbəbi kimi məşhur serbiyalı tennisçi Novak Cokoviçin ölkə hökuməti ilə yaşadığı gərginlik göstərilib.
Yunan və serb KİV-ləri bildirirlər ki, bu addım Cokoviç və Serbiya prezidenti Aleksandr Vuçiçin rəhbərlik etdiyi hökumət arasındakı münasibətlərin gərginləşməsi ilə bağlı ola bilər. Gərginlik noyabr 2024-cü ildə Novi-Sadda dəmir yolu stansiyasının dam örtüyünün çökməsi nəticəsində 16 nəfərin həlak olduğu faciədən sonra kütləvi tələbə etiraz hərəkatına Cokoviçin açıq dəstək verməsi ilə daha da artıb.
Afina turniri 2-9 noyabr 2025-ci il tarixlərində keçiriləcək. Ötən il isə Belqradda çempion titulunu Kanada tennisçisi Denis Şapovalov qazanmışdı.