RU

“Biz müdafiədən hücuma keçməyə çalışan komanda deyilik”

“Levski”nin (Sofiya) baş məşqçisi Xulio Velaskes bildirib ki, artıq Konfrans Liqasında “Sabah”la qarşıdakı oyunu düşünməyə başlayıb.

Sportinfo.az xəbər verir ki, o, bu barədə yerli liqada “Slaviya” üzərində 2:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında bildirib.

Bu nəticə “göyləri” Bolqarıstan liqasında turnir cədvəlində yenidən zirvəyə yüksəldib (3 oyun, 3 qələbə).

Avropa Liqasında “Braqa”ya qarşı ötən həftə keçirilən təsnifat mərhələsinin oyunu ilə müqayisədə heyətdə 8 dəyişiklik olsa da, “Levski” “Slaviya”dan üstün oyun göstərib.

43 yaşlı ispan mütəxəssis jurnalistlərə bildirib ki, məqsədləri həm yaxşı oyun nümayiş etdirmək, həm də qalib gəlməkdir:

“Fəlsəfəmiz yalnız qol buraxmamaq üzərində qurulmayıb. Əksinə, biz daim qarşı tərəfin qapısına yol tapmağa çalışırıq.

Amma bu, müdafiədəki məsuliyyətimizi aradan qaldırmır. Əgər hücumda yaxşı oynayırıqsa, bu, müdafiəyə də müsbət təsir edir.

Biz müdafiədən hücuma keçməyə çalışan komanda deyilik – əksinə, hücumdan başlayırıq. Üç oyundan üç qələbə qazanmaq bizi çox sevindirir”.

"Levski” ilə “Sabah” arasında Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu avqustun 7-də Sofiyada, cavab matçı avqustun 14-ü Bakıda keçiriləcək.

Избранный
17
sportinfo.az

1Источники