RU

Gəzməyə qərib ölkə... Restoranda toyuğa verilən dəyər , bir stəkan çay istəyən adama verilmir

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ötən həftə sonu "biz də heç olmasa fələkdən bir gün oğurlayıb, başımızı işdən ayıraq, istirahət edək" dedik. Həm də "bölgələrdə qiymətlər necədir, insanlarımız necə istirahət edir" deyə ölkənin sosial-iqtisadi vəziyyətinə baxmaq istədik. Yolumuzu Qubadan saldıq...

Quba əvvəldən sevimli bölgələrdən olub. İstər insanların davranışı, istər ab-havası hər zaman ürəyə yatımlı olub.

Yola rəvan olduq. Bizi nə gözləyir, qiymətlər necədir, xəbərsiz idik. Qərar verdik ki, Qubaya daha sürətli çatmaq üçün ödənişli yoldan istifadə edək. Bu da bizə 9 manat 70 qəpiyə başa gəldi.

Əvvəllər Qubada Dövlət Yol Polisi əməkdaşları çox idi, amma bu dəfə sadəcə Quba dairəsində 2-3 DYP avtomobili gözə çarpırdı. Yollar və yol nişanları dəyişdirilib, çox sayda radar və işıqfor quraşdırılıb. Onsuz da Qubanın daxilində qayda poza bilməzsən. Maksimum sürət 50 km...

Səfər ərəfəsində qərar verildi ki, istirahət mərkəzlərinin birində səhər yeməyi yeyilsin. Səhər yeməyi 5 nəfərlik qrupa 50 manata başa gəldi. Sonra yola davam etdik, Qubanın gəzməli yerlərinə baş çəkdik.

Quba şimaldadır, "sərin olar" deyirdik, inanın ki, burada da istidən nəfəs almaq olmurdu. İstirahət üçün gələnlər də az olmasa da, həddən artıq çox da deyildi.

Az öncə ödənişli yoldan danışdım. Bu ödənişli yolun istifadəyə verilməsi, sözün əsl mənasında yolun rahatlamasına səbəb olub. Pulunu ödəyib, mənzilbaşına çatırsa, yol təmiz, hamar və narahat edici məqamlarla da qarşılaşmırsan...

Nə isə, sonra qrupumuz bir istirahət mərkəzində günorta yeməyinə qərar verdi. Burada "amma" demək olar... Heç bir istirahət mərkəzində tək çay verilmir. Məsələn; bir stəkan çay istəyəsən, üzünə baxmazlar. Çay üçün gərək daha aşağı səviyyəli restoranlarda dayanasan. Belə yerlərdə də samovarın qiyməti 25 manat, mürəbbənin qiyməti 6 manatdır...

Yemək üçün oturduğumuz istirahət mərkəzində manqalda bişmiş bir toyuğun qiyməti 25 manat idi. Toyuqa "verilən" dəyərə bax: 25 manat... 25 manata da toyuq olar? İnsafına danışsaq, yaxşı bişirilmişdi. Amma görünən o idi ki, bu qiymət toyuğun deyil, oturduğumuz məkanın brend qiyməti idi. Qısası nahar 5 nəfər üçün 95 manat 70 qəpiyə başa gəldi.

Günəşin enməsini gözləyib, yenidən yola davam edirik. Quba gözəl bölgələrimizdəndir. Gəzdikcə bitir, doymursan, yorulmursan...

Bu istirahət bizə 5 nəfər 250 manata başa gəldi, nə az, nə də çox... Daha ucuz da ola bilərdi. Amma çox təəssüf ki, bu bölgədə qidalanma çox bahadır. Düzdür, quru sərhədləri bağlıdır və insanların bölgələrdən başqa üz tuta biləcəyi heç yer yoxdur. Amma bundan sui-istifadə edərək, toyuğu qoyun qiymətinə sırımaq da olmaz...

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
bizimyol.info

1Источники