Qazaxıstanda itkin düşən helikopterin ekipajının axtarışı üzrə axtarış-xilasetmə işlərinə 330-dan çox şəxsi heyət, 59 texnika, 23 üzən vasitə, 12 pilotsuz uçuş aparatı, eləcə də exolot, georadarlar, aviasiya və kinoloji bölmələr cəlb olunub.
Bakues.az Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, artıq 11 gündür davam edən axtarışlarda Müdafiə Nazirliyinin mütəxəssisləri ilə yanaşı, Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin və digər dövlət qurumlarının əməkdaşları da iştirak edir.
Çətin şəraitə – dibin dərin lillənməsinə, su altında sıfıra bərabər görüntü və dəyişkən hava şəraitinə baxmayaraq, işlər fasiləsiz aparılır.
İtkin düşən helikopterin ekipaj üzvlərinin taleyi və faciəyə gətirib çıxaran səbəblər müəyyən olunana qədər axtarış tədbirləri davam etdiriləcək.
2025-ci il iyulun 25-də Almatı vilayətində Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus EC-145 helikopteri planlı uçuş zamanı radarlardan itib.