RU

Populyar arıqlama dərmanı Ozempic yan təsirləri ilə yenidən gündəmdə

Son vaxtlar geniş populyarlıq qazanan arıqlama dərmanı Ozempic yenidən diqqət mərkəzindədir. İstifadəçilər arasında ciddi yan təsirlər barədə şikayətlər artmaqda davam edir. Bəzi qadınlar menopoz dövründə çəki artımından qurtulmaq üçün bu dərmanı təsirli sayır, lakin ekspertlər xəbərdarlıq edir ki, vəziyyət göründüyü qədər sadə deyil.

Milli.Az xəbər verir ki, bu barədə "Vogue" nəşri məlumat yayıb.

Dərmanın ən çox müzakirə olunan yan təsirlərindən biri "Ozempic üzü" adlanan vəziyyətdir. Bu, sürətli arıqlama nəticəsində dərinin elastikliyini itirməsi, solğun və qurumuş görünməsi ilə xarakterizə olunur. Nyu-Yorklu plastik cərrah Cennifer Levin bu görünüşü "kişmişi (quru üzümü) xatırladan üz" kimi təsvir edib.

Bununla yanaşı, Ozempic və digər GLP-1 dərmanları - Wegovy, Mounjaro, Rybelsus, Zepbound - istifadəçilərində saç tökülməsi və əzələ kütləsinin azalması kimi şikayətlər də artmaqdadır.

Mütəxəssislər qeyd edir ki, bu problemlər dərmanın birbaşa yan təsiri deyil, sürətli çəki itkisi, orqanizmə düşən stress və qidalanma çatışmazlığı nəticəsində yaranır. Dermatoloq Marisa Qarşik izah edir ki, telogen saç tökülməsi - yəni saçın təbii dövrünün pozulması - GLP-1 dərmanlarını qəbul etdikdən bir neçə ay sonra baş verə bilər.

Əzələ kütləsinin itirilməsi isə sürətli arıqlamanın ümumi problemidir. NYU Lanqon Səhiyyə Mərkəzindən doktor Holli Lofton bildirir ki, tədbir görülməsə, ümumi çəkidən itirilən 25-30%-i əzələ toxumasından ola bilər.

Doktor Lofton vurğulayır:

"Bu dərmanlar effektivdir, amma xəstələr bilməlidir ki, arıqlama təkcə çəkinin azalması deyil - əzələlərin qorunması və yağın yandırılması da çox vacibdir".

Kənan
Milli.Az

Избранный
23
1
milli.az

2Источники