RU

Tehran agentlərini qəsdən Bakıda həbs etdirir - Səbəb

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqainin guya Azərbaycanda iranəsilli məhbuslarla pis rəftar edilməsi ilə bağlı səsləndirdiyi ittihamlar tamamilə əsassız, qərəzli və təxribat xarakterlidir.

Axar.az xəbər verir ki, bu sözləri Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib.

“Hazırda Azərbaycanın penitensiar müəssisələrində İran vətəndaşı olan məhkumlar saxlanılır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, onların böyük əksəriyyəti narkotik vasitələrin qanunsuz dövriyyəsi, sərhəd pozuntuları ilə bağlı məsuliyyətə cəlb olunublar. İranın onların saxlanma şəraiti və göstərilən münasibətlə bağlı iradları gülüncdür. Çünki bu şəxslərə göstərilən rəftar, yaradılan humanitar şərait və hüquqi təminatlar İran həbsxanalarındakı qeyri-insani davranışlarla heç bir baxımdan müqayisə oluna bilməz. Bunun təsdiqi kimi həmin şəxslərin bir qisminin azadlığa çıxdıqdan sonra Azərbaycanın həbsxanalarında şəffaf və humanist münasibətə şahid olduqları haqda açıqlamalarına diqqət yetirmək kifayətdir.

Münasibət o qədər humanistdir ki, hətta İranın Azərbaycandakı səfirliyi bu məhkumlara mütəmadi olaraq sovqat göndərir və bu proses tərəfimizdən də müşahidə olunub. Bundan əlavə, əksər cəzaçəkmə müəssisələrində iranlı məhkumlara əlavə imkanlar dini ayinlərin icrası üçün məscidlər, ayrıca yemək hazırlama şəraiti və digər məişət üstünlükləri yaradılıb”, - o bildirib.

VHP funksioneri ölkəmizdə həbs həyatı yaşayan İran vətəndaşları ilə bağlı bir məqama da toxunub:

“Əslində, Azərbaycan tərəfinin deyəcək və sərt mövqe ortaya qoymağa haqqı çatan nüanslar var. İran bəzən xüsusi agentura şəbəkəsinin üzvlərinə qəsdən Azərbaycanda məhbus statusu qazandırır və bu insani münasibətdən sui-istifadə edərək həmin məhbuslar vasitəsilə Azərbaycanda dini-siyasi təbliğat işləri görür. Bu şəxslərin cəzaçəkmə müəssisələrində ideoloji təsir formalaşdırmağa çalışdığı haqda kifayət qədər faktlar var. Məlumata görə, bəzən məhkumların hansı müəssisəyə yerləşdiriləcəyi belə əvvəlcədən planlaşdırılır. Bu isə göstərir ki, söhbət sistemli şəkildə qurulmuş məkrli fəaliyyətlərdən gedir. Bu, təkcə hüquqi məsələ deyil, eyni zamanda Azərbaycanın suverenliyinə və daxili sabitliyinə qarşı yönəlmiş təhlükəli yanaşmadır”.

S.Əsədli həmçinin vurğulayıb ki, əslində İran rejimi ilk növbədə öz daxilində baş verən dəhşətli işgəncələrə və insan hüquqlarının kobud şəkildə pozulmasına cavab verməlidir:

“Xüsusilə ETTELAAT-ın nəzarətində olan zindanlarda həyata keçirilən vəhşiliklər beynəlxalq hesabatlarda açıq şəkildə sənədləşdirilib. İşgəncənin rəsmi siyasətə çevrildiyi bir ölkənin başqa dövlətlərə insan hüquqları ilə bağlı ittiham irəli sürməsi ikiüzlülükdür. Azərbaycanı qaralamağa cəhd edən bu açıqlama əslində İranın Azərbaycandakı təxribatçı planlarının iflasa uğramasının nəticəsidir. Ölkəmizdə dini radikalizmin yayılmasına qarşı sərt və prinsipial mövqe göstərildiyi üçün bu kimi qərəzli bəyanatlar vasitəsilə əvəz çıxmağa çalışırlar. Azərbaycana qarşı ittihamlar isə nə hüquqi, nə də mənəvi əsas daşıyır”.

Избранный
10
4
axar.az

5Источники