RU

Rusiyanın qeyri-dost addımları

Kreml uğursuzluqlarını üçüncü qüvvə hesabına ört-basdır etməyə çalışır  

Son dövrlərdə Rusiyanın Azərbaycana qarşı qeyri-dost addımları və mətbuatda ölkəmiz əleyhinə apardığı kampaniyalar, xüsusən Xankəndinin "stepanakert" adlandırılması və sairə bu kimi məsələlər daha çox daxili auditoriyaya hesablanır. Belə ki, süni gərginliyin yaradılması uğursuzluqlarını üçüncü qüvvə hesabına ört-basdır etmə cəhdləridir. Kreml yaxşı bilir ki, Azərbaycanda nə "stepanakert", nə də "Dağlıq Qarabağ" deyə inzibati ərazi var.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, hazırkı reallıqla barışmaq bəzi qüvvələr üçün çətindir. Rusiyanın Cənubi Qafqazdakı əvvəlki maraqlarını qorumaq, Qarabağ məsələsində ölkəmizə təsir etməsi artıq mümkün deyil. Bunu qəbul etmək və bərabərhüquqlu münasibətlər qurmaq tələb olunur.  "İvan Ayvazovskinin büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın razılığı olmadan Xankəndidə quraşdırılması, ölkəmizin suverenliyinə qarşı açıq təxribat idi. O büstün quraşdırılması Rusiyanın "mədəniyyət" pərdəsi altında ərazidə möhkəmlənmək cəhdi, həm də keçmiş separatçı rejimin narrativini dirçəltməyə xidmət idi. Azərbaycanın bu heykəli sökməsi ölkəmizin suveren hüququdur. Ərazimizlə bağlı qərarların verilməsi yalnız və yalnız dövlətimizə məxsusdur", - deyə o əlavə edib. 

Deputat qeyd edib ki, Rusiya dövlət agentliyinin ölkəmizin suverenliyinə qarşı qərəzli mövqe sərgiləməsi və bunun fonunda Azərbaycanın TASS-dan üzrxahlıq və düzəliş tələb etməsi, eyni zamanda bu agentliyin Azərbaycandakı fəaliyyətinə qarşı tədbirlər görülə biləcəyini bildirməsi dövlətimizin hansısa təxribata qarşı qətiyyətli mövqe sərgiləməsini göstərir: "Mixail Şvıdkoyun Rusiyanın Qarabağda "rus icması" olduğu iddiası tamamilə əsassızdır. İcma adı altında Rusiyanın bölgədə qalmaq üçün süni əsaslar yaratmaq istəyi uğursuz cəhdir". 

P.Vəliyeva vurğulayıb ki, Azərbaycanın 2023-cü ildə Qarabağda həyata keçirdiyi antiterror tədbirləri ilə erməni separatçılarını ərazilərimizdən tamamilə təmizləməsi, separatizmin kökünü kəsməsi ilə Rusiya sülhməramlılarının bölgədən çıxarılması, Kremlin bütün planlarını alt-üst edib. Bu, Azərbaycanın öz ərazi bütövlüyünü bərpaetmə istiqamətindəki uğurunun və suverenliyinə sadiqliyinin göstəricisidir.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Избранный
11
azerbaijan-news.az

1Источники