Suriyanın cənubundakı Süveydə vilayətində druzlarla bədəvi silahlı qruplar arasında yeni toqquşmalar bölgədə dərin böhran yaradıb.
ABŞ və İordaniyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasının yerli silahlı qruplar və əhali tərəfindən qəbul edilməməsi,
elektrik və suinfrastrukturunun tamamilə çökməsi, Dəməşq hökumətinin nəzarətinin zəifləməsi və azlıq qrupları arasında hakimiyyət
boşluğunun yaranması vəziyyəti daha da ağırlaşdırıb.
Druz lideri Hikmət əl-Hicrinin atəşkəsə qarşı çıxaraq xaricdən yardım istəməsi isə daxildə parçalanmanı dərinləşdirib. Bölgədəki gərginlik həm yerli
qarşıdurmalar, həm də artan xarici müdaxilə və regional qeyri-sabitlik riski ilə daha da kəskinləşməkdədir.
Referans xəbər verir ki,Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, bəzi kənar qüvvələr Suriyada sülh və barışın yaranmasına
imkan vermir:
“Onlar müstəqil, ərazi bütövlüyünü qoruyan, suveren bir Suriyanı görmək istəmirlər. Druzlarla bədəvi ərəblərin qarşı-qarşıya qoyulmasında da
əsas məqsəd budur. Bu cür özbaşına və dağıdıcı planın tərkib hissəsi olmaq, həm də Türkiyəyə və dünyanın sülhsevər kəsiminə qarşı çıxmaq
deməkdir.
Ankara çalışır ki, Suriyada sabitlik bərpa olunsun və bu ölkə vətəndaş müharibəsinin yaratdığı sosial problemləri, dağıntıları aradan qaldırsın. Çox
yaxşı haldır ki, ABŞ da Türkiyənin bu missiyasına dəstək verir. Lakin rəsmi Təl-Əviv Suriyanın İsrailə bitişik torpaqlarını işğal etmək məqsədilə
druzları qızışdırır. İsrail druzları həm maliyyələşdirir, həm də silahlandırır”.
Ekspert bildirib ki, İsrail bununla Suriya lideri Əhməd Əş-Şaraya təzyiq edəcəyini düşünür, lakin Türkiyə faktorunu unudur:
“Suriyada əmin-amanlığın yaranması üçün Türkiyə kifayət qədər enerji sərf edib. Bundan sonra prosesin nəticəsiz qalmasına imkan verə bilməz.
Həmçinin, əgər İsrail bu cür dağıdıcı hərəkətlərinə davam etsə, Suriya hökuməti də cavab tədbirləri görmək məcburiyyətində qalacaq. Bu isə
İsrail–Suriya müharibəsinin başlanmasına gətirib çıxara bilər. Çünki ölkə daxilindəki azlıqları qızışdıran və vaxtaşırı bombalama əməliyyatları
aparan İsrailin dayandırılmasına ehtiyac var. Əks halda, Suriya daxilindəki hərc-mərcliyə son qoymaq mümkün olmayacaq”.