Ukrayna Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri üçün diplomatik hazırlıqlarını davam etdirir. Səfər baş tutsa, bu, iki ölkə arasında münasibətlərdə kritik dönüş nöqtəsi olacaq. Gündəliyin ən mühüm bəndi uzun müddətdir gündəmdə olan Azad Ticarət Sazişinin ratifikasiyasıdır.
Hafta.az-ın yazdığına görə, Ukraynanın Ankaradakı səfiri Nəriman Cəlal RBC-Ukrayna xəbər agentliyinə müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfərinin reallaşması üçün gərgin diplomatik səylərin getdiyini və prezident Vladimir Zelenskinin Ərdoğana dəvəti şəxsən təqdim etdiyini bildirib.
"Bu səfər ciddi hazırlıq tələb edir, çünki onun həyata keçirilməsinə müxtəlif maneələr var" deyən Cəlal səfərin əsas gündəm maddəsinin Azad Ticarət Sazişinin ratifikasiyası ola biləcəyini bildirib. Səfir vurğulayıb ki, Azad Ticarət Sazişi strateji tərəfdaşlıq və bir çox Ukrayna biznesləri üçün kritik addım olacaq. Razılaşmanın bəzi sektorlarda rəqabət təzyiqi yarada biləcəyini etiraf edən Cəlal bunun siyasi qərar olduğunu vurğulayaraq deyib: "Prezident Zelenskinin dəvəti çox sadədir: Türkiyə Azad Ticarət Müqaviləsini imzalamaqda maraqlıdır. Bu razılaşma rəqabətin artması səbəbindən bəziləri üçün gərginlik yarada bilsə də, bu, həm də biznes ictimaiyyətimizin böyük bir hissəsi üçün vacibdir. Ərdoğanın səfəri zamanı bu razılaşmanın ratifikasiyası həm konstruktiv, həm də simvolik bir addım olardı”.
Danışıqları 2011-ci ilin dekabrında başlayan və 2022-ci il yanvarın 27-də Ankarada yekunlaşdırılan Ukrayna-Türkiyə Azad Ticarət Sazişi 2022-ci il fevralın 3-də Kiyevdə Ukraynanın o zamankı baş naziri Denis Şmıqal və Türkiyənin o zamankı ticarət naziri Mehmet Muş tərəfindən imzalanıb.
Müqavilə Türkiyədə ratifikasiya prosedurlarından keçib. Türkiyə ilə Ukrayna arasında prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Azad Ticarət Sazişi sonuncu dəfə 4 oktyabr 2024-cü il tarixli “Rəsmi Qəzet”də dərc olunub. Ukrayna Nazirlər Kabineti Ukrayna ilə Türkiyə arasında Azad Ticarət Sazişi haqqında qanun layihəsini 7 may 2024-cü il tarixində təsdiqləyib.