RU

Türkiyə parlamentinin “Terrorsuz Türkiyə” komissiyasının ilk iclası keçirilib

Ankara, 5 avqust, AZƏRTAC

Avqustun 5-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) “Terrorsuz Türkiyə” komissiyasının ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komissiyanın üzvləri qarşısında çıxış edən TBMM spikeri Numan Kurtulmuş deyib: “Cinayətkar təşkilatlar, o cümlədən “Paralel Dövlət” (FETÖ) terror təşkilatı ilə mübarizə istiqamətində atılan təsirli addımlar sayəsində Türkiyə bu gün öz inkişafının tarixi mərhələsində, milli təhlükəsizlik problemini tamamilə aradan qaldırmaq üzrədir”.

Onun sözlərinə görə, yeni parlament komissiyası türk xalqının iradəsinin təzahürüdür və on illərdir xalqın enerjisini tükəndirən problemə yeni yanaşmalar tapmaq istəyidir. TBMM spikeri terrorla mübarizə illərini “türk xalqı üçün ortaq ağrı və itki” adlandırıb. O əlavə edib: “Terror nəinki Türkiyə vətəndaşlarının həyatına son qoydu, həm də ölkənin gələcəyə olan ümidlərə zərbə vurdu. Türkiyənin inkişafının qarşısını almaq üçün cəhdlər edildi. Ölkəmiz terrorla üzləşməsəydi, bir çox layihə və proqramlar çox erkən həyata keçirilərdi”. O, terror probleminin Türkiyə dövlətinin gündəmindən çıxarılmasının bütün bölgədə bu təhlükənin aradan qaldırılmasına gətirib çıxaracağını vurğulayıb.

TBMM-nin 48 üzvünün daxil olduğu “Terrorsuz Türkiyə” parlament komissiyası qanunverici orqanın payız sessiyasının açılışına - oktyabrın 1-dək fəaliyyət göstərəcək. Onun vəzifəsi ölkədə terror probleminin aradan qaldırılması üçün qanunvericilik təşəbbüslərini inkişaf etdirməkdir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Избранный
9
5
azertag.az

6Источники