RU

Professor: Azərbaycan qazının Suriyaya nəqli regional enerji diplomatiyasında tarixi addımdır

İstanbul, 5 avqust, Günel Karatepe, AZƏRTAC

Türkiyə dövləti hər zaman yerləşdiyi coğrafiyada, eləcə də beynəlxalq aləmdə hüquq normaları və diplomatiyanı ön planda tutaraq sülhün və sabitliyin qətiyyətli müdafiəçisi kimi çıxış edib. Bu baxış bucağına uyğun olaraq avqustun 2-dən etibarən Azərbaycan qazının Türkiyənin Kilis şəhəri üzərindən Suriyanın Hələb vilayətinə ötürülməsinə başlanılıb ki, bu da regional enerji diplomatiyasında atılan tarixi bir addımdır. Bu addım yalnız əsas həyat ehtiyaclarının ödənilməsinə deyil, eyni zamanda, Suriyanın münaqişədən sonrakı bərpa prosesinə konkret töhfə verməkdədir. Hazırda bir çox bölgədə gündə cəmi 3-4 saat elektrik verilə bilən bir ölkədə bu miqyasda enerji təminatı həm həyat keyfiyyətində birbaşa yaxşılaşma yaradacaq, həm də əhalinin əsas xidmətlərə çıxışını asanlaşdıracaq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Ankara Hacı Bayram Veli Universitetinin professoru, Türkiyənin SETA-Siyasi, İqtisadi və İctimai Araşdırmalar Vəqfinin tədqiqatçısı Erman Akıllı bildirib.

Türkiyə ilə Azərbaycan arasındakı bu strateji əməkdaşlığı yalnız iqtisadi deyil, həm də sülh yönümlü xarici siyasət yanaşmasının məhsulu kimi qiymətləndirən şərhçi deyib: “Təmin olunan enerji ilə birlikdə sənaye və istehsal infrastrukturunun yenidən canlanması, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətə başlaması, yerli məşğulluğun artması kimi müsbət iqtisadi təsirlər gözlənilir. Lakin ən önəmlisi bu, enerji diplomatiyasının regional sülh və sabitliyin qurulmasına yerəcəyi töhfədir. Türkiyə və Azərbaycan bu addımla yalnız iki qardaş ölkə arasındakı həmrəyliyi möhkəmləndirmir, eyni zamanda, qonşu xalqlara qarşı məsuliyyət hissi ilə hərəkət etdiklərini də göstərirlər. Türkiyənin liderliyi ilə həyata keçirilən bu enerji transferi Suriya xalqının yenidən ayağa qalxmasına dəstək olmaqla yanaşı, regional sabitliyin iqtisadi təməlini gücləndirir və davamlı sülhə gedən yolu enerji və inkişaf əsasında qurur”.

Erman Akıllı bu layihənin, eyni zamanda, Türkiyəni təkcə enerji ixrac edən bir aktor deyil, həm də regional sülhü və rifahı təmin edən aparıcı bir dövlət kimi ön plana çıxardığını qeyd edib.

Избранный
14
1
azertag.az

2Источники