Türkiyə Böyük Millət Məclisində (TBMM) “Terrorsuz Türkiyə” hədəfi ilə yaradılan yeni komissiya bu gün ilk iclasını keçirib. İclasda çıxış edən TBMM sədri Numan Kurtulmuş, Türkiyənin yarım əsrdən çoxdur davam edən terrorla mübarizəsində yeni bir mərhələnin başlandığını bildirib.
Kurtulmuş çıxışında deyib: “Millətlərin tarixində elə anlar var ki, təkcə bu günü deyil, sabahları da müəyyənləşdirir. Bu gün o günlərdən biridir.”
“Silahların susması bir bazarlıq deyil, millətin iradəsidir”
Komissiyanın əsas missiyasının Türkiyənin terror bəlasından tamamilə xilas olması və cəmiyyətdə barış və birliyin möhkəmləndirilməsi olduğunu deyən TBMM sədri qeyd edib ki, silahların susması və terror təşkilatının özünü buraxması heç bir şəxsin, qurumun və ya siyasi strukturun deyil, birbaşa xalqın iradəsinin nəticəsidir.
“Bu proses bir razılaşma, güzəşt və ya pazarlıq deyil, millətimizin sülh və birlik əzminin nəticəsidir”, – deyə Kurtulmuş əlavə edib.
O, vurğulayıb ki, terror Türkiyəyə təkcə can itkisi deyil, həm də böyük iqtisadi və sosial itkilər yaşadıb:
“Əgər illərlə terrorla mübarizə yerinə, dövlət büdcəmizi inkişaf işlərinə ayıra bilsəydik, bu gün daha çox məktəb, universitet və xəstəxanalar inşa edilə bilərdi. Ən ağır bədəli isə canla ödədik. Şəhidlərimiz və qazilərimiz bu prosesin mənəvi memarlarıdır.
Türk-Kürd qardaşlığına diqqət çəkildi
Kurtulmuş çıxışında Türk və Kürd xalqları arasında birlik və qardaşlıq mesajı verib:
“Biz Çanaqqala döyüşündə çiyin-çiyinə savaşanların nəvələriyik. Kaderdaşlıq təkcə döyüş meydanlarında deyil, acıda, umudda və alın təriylə də yaşanır”, – deyə TBMM sədri qeyd edib.
O, çıxışında Səlahəddin Eyyubi, Nurəddin Zəngi, Alp Arslan və Qılınc Arslan kimi tarixi şəxsiyyətləri, həmçinin Ahməd-i Xanə, Məhəmməd Akif Ərsoy və Nazim Hikmətin misralarını xatırladaraq, birlikdə yaşama iradəsinin tarixi və mədəni təmellərinə diqqət çəkib:
“Xalqların qəlbi ədalətlə döyünərsə, orada millət olar. Dil dəyişə bilər, coğrafiya dəyişə bilər, amma ortaq duyğular qalıcıdır.”
Yol xəritəsi: şəffaflıq, açıqlıq, çoğulçuluq
Komissiyanın fəaliyyətində əsas götürüləcək prinsipləri açıqlayan Kurtulmuş bildirib ki, bu proses həm Türkün, həm də Kürdün gələcəyini maraqlandıran beka məsələsidir. O qeyd edib ki, TBMM-də aparılan hər bir iş xalqın gözü qarşısında həyata keçiriləcək.
Kurtulmuş komissiyanın fəaliyyətini üç əsas prinsip üzərində quracağını bəyan edib:
Şəffaflıq – Xalq hər addımı bilməlidir.
Açıqlıq – Gizli gündəmlər barışa xidmət etmir.
Çoğulçuluq – Fərqli fikirlərin və sosial qrupların iştirakı təmin olunacaq.
O əlavə edib ki, ictimaiyyətin məlumatlandırılması yalnız TBMM sədrlik heyəti tərəfindən aparılacaq.
Komissiyanın bütün cəmiyyət kəsimlərini əhatə edəcəyini deyən Kurtulmuş, alimlərin, hüquqşünasların, QHT-lərin və fikir adamlarının prosesə qatqısının önəmli olduğunu vurğulayıb.
O, eyni zamanda xəbərdarlıq edib:
“Kürdün şərəfini tanımayan, Türkün qürurunu heçə sayan dil barışa yox, parçalanmaya səbəb olar.”
“Terrorsuz Türkiyə” – “Terrorsuz region” hədəfi
Kurtulmuş bildirib ki, bu təşəbbüs yalnız Türkiyəyə deyil, bütövlükdə bölgəyə yönəlib:
“Birinci Dünya Müharibəsindən sonra bir-birindən qoparılan və aralarına sərhədlər çəkilən xalqlar yenidən bir-birini eşitməyə layiqdir. Atılan hər addım bölgədə barış və qardaşlığı möhkəmləndirməyə xidmət edir. Terrorsuz Türkiyə, əslində, terrorsuz bir region deməkdir.”
Kurtulmuş əlavə edib ki, komissiya yalnız müzakirə və hesabat hazırlamaqla kifayətlənməyəcək, eyni zamanda silahların təhvil verilməsi prosesini xalq adından izləyəcək, hüquqi dəyişikliklərə dair təkliflər hazırlayacaq və onları TBMM-in iradəsinə təqdim edəcək.
"Bu masa millətin vicdanı ilə qurulub"
Çıxışının sonunda TBMM sədri bu tarixi prosesin mahiyyətini belə ifadə edib:
“Bu masa millətin vicdanı, ağlı və inamı ilə qurulub. Demokratik, çoğulçu və hər kəsin özünü aid hiss etdiyi bir Türkiyəni birlikdə quracağıq. Allah yar və yardımçımız olsun.”
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта