İlqar Hüseynli: “Dövlət qurumlarına xaricdən avtomobil almaları ilə bağlı qeyri-rəsmi qadağalar tətbiq etmək olardı ki...”
Azərbaycanda dövlət qurumlarının vaxtaşırı xidməti avtomobil parkını təzələdiyinin şahidi oluruq. Alınan avtomobillərin heç biri yerli istehsal deyil, bahalı xarici markalardır.
Dövlət qurumları Azərbaycanın istehsal etdiyi “NAZ Lifan” avtomobillərinə qətiyyən əhəmiyyət vermirlər. Tez-tez hansısa rəsmi qurum 200-300 min ABŞ dolları pul xərcləyib xaricdən xidməti maşınlar alıb gətirir. El dili ilə desək, havayı yerə bir ətək pul xərclənir, dövlətin pulları xaricə axır. Məmurlar baha qiymətə maşınlar alırlar və bir az istifadə edib köhnəldəndən sonra o avtomobilləri hərraca çıxarıb ucuz qiymətə satdırırlar, ardınca da dövlət hesabına yeni maşınlar alırlar. Nəticədə büdcəyə böyük ziyan vururlar.
Bunun səbəbi nədir ki, dövlət qurumları yerli maşınlara üstünlük vermir? Bəlkə xaricdən aldıqları maşınlara görə daha çox pul silə bilirlər?
Maraqlıdır, dövlət qurumları Azərbaycanın istehsal etdiyi "NAZ Lifan" avtomobillərini niyə xidməti maşın parkına daxil etmirlər?
“Burda böyük korrupsiya əməllərindən, prosesindən söhbət gedə bilər”
Sosial-iqtosadi sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, bunun səbəbləri müxtəlifdir. İ.Hüseynli qeyd etdi ki, Naxçıvan Avtomobil Zavodu əvvəl 6 modellə istehsala başlayıb, sonra modellərin sayını artıraraq 8-ə çatdırıb. “2016-cı ildən bu avtomobillərin istehsal prosesi başlayarkən ölkə Prezidenti İlham Əliyev çıxışında müxtəlif dövlət müəssisələrinə, məmurlara tövsiyə etdi ki,“NAZ Lifan” avtomobillərindən istifadə etsinlər. Bundan sonra bir neçə dövlət qurumu - Təhsil Nazirliyi, SOCAR, Xəzər Dəniz Gəmiçilik İdarəsi və sair dövlət müəssisələri, dövlət idarələri, hətta Cihan Holdinq özəl şirkəti də bu avtomobillərin xeyli hissəsini aldılar, istifadə etməyə başladılar. Dövlət qurumları əvvəlcə yerli istehsal olan avtomobillərə maraq göstərsələr də, lakin bu tendensiya uzun müddət davam etmədi. Yəni Azərbaycanda nəyə görəsə məmurlar daha yerli istehsala deyil, xarici avtomobil brendlərinə üstünlük verirlər. Onların beynəlxalq standartlarla tanınan dünya avtomobil brendlərinə üstünlük vermələrinin müxtəlif səbəbləri ola bilər.
Bilirsiz ki, yerli avtomobillərin daxili bazarda qiymətləri çox normal, standart qiymətlər idi vəqiymət 14 min manatdan 30 min manata qədər dəyişirdi. Zavodun konkret qiymətləri vardı və bu qiymətlər barədə ölkə ictimaiyyətinin məlumatı vardı”.
İ.Hüseynli qeyd etdi ki, ölkə xaricindən istədikləri komplektasiyanı gətirəndə onun hansı qiymətə başa gəlməsi, neçəyə olması barədə dəqiq təfərrüatlar yoxdur: “Hətta tenderlər gizli keçirilir, burda böyük vəsaitlər sərf olunur. Bu da daxili istehsal prosesinə böyük zərbə vurur. Nəticə etibarilə “NAZ Lifan” artıq istehsal gücünü dayandırıb.
Yadınıza gəlirsə, bununla bağlı parlamentdə də bir müzakirə aparılmışdı. Parlamentdə keçmiş millət vəkili Vahid Əhmədovun bir fikri vardı ki, tələb-təklif yoxdursa, onun istehsalının dayanması labüd olacaq. Yəni gərək bu avtomobil alına ki, onun istehsalı da davam edə. Yəni bu artıq “SOS” siqnalı idi və bu o deməkdir ki, artıq yerli istehsal olan o avtomobil alınmır. Yadınıza gəlirsə, Naxçıvan Muxtar Respublikası ərazisində “NAZ Lifanın istehsal etdiyi 400 nəqliyyat vasitəsini taksi xidmətinə buraxdılar. Hətta yadıma gəlir, orda bir qeyri-rəsmi qadağa da həyata keçirilmişdi ki, taksi xidmətində bu avtomobillərdən istifadə edilsin. Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov göstəriş vermişdi ki, Naxçıvan ərazisində yalnız “NAZ Lifan” modelli avtomobillərdən taksi kimi istifadə etmək olar. Başqa markalara qoyulan bu məhdudiyyətlərin bir tərəfdən də xeyri vardı ki, birdən-birə 400 avtomobil alınmışdı.
Dövlət qurumlarına xaricdən avtomobil almaları ilə bağlı qeyri-rəsmi qadağalar tətbiq etmək olardı ki, onlar ilk növbədə öz daxili istehsalımız olan avtomobillərdən istifadə etsinlər”.
İ.Hüseynlinin sözlərinə görə, Neftçalada istehsal olunan "Xəzər Lada" nın da aqibəti təxminən bu vəziyyətdədir, onun da alıcılıq səviyyəsi kifayət qədər aşağıdır. “Demək olar ki, o zavod da artıq öz istehsalını dayandırmaq ərəfəsindədir.
Çin “NAZ Lifan”ın konstruksiyasında ən böyük rola malik idi. İndi Çinin birbaşa özünün istehsal etdiyi nəqliyyat vasitələri artıq Azərbaycanda böyük sürətlə yayılmağa başlayıb. Hətta dövlət müəssisələri, məmurlar, digər şəxslər şəxsi istifadə üçün bunlardan yararlanır. Demək olar ki, Bakının avtomobil parkında çox böyük sürətlə üstün mövqeyə çıxmağa başlayıb. Çin istehsalının da qiymət dinamikasına fikir versəniz, demək olar ki, Çin istehsalı artıq daxili bazarda rəqabətlilik imkanlarını artırmaqdadır. Bütün bunların hamısını təhlil etdikdən sonra qənaətim belədir ki, dövlət qurumları 200, 300, 400 min manat, ABŞ dolları pul xərcləyib dövlətin büdcəsini talançılıqla xərcləməkdənsə, Çin istehsalı olan avtomobillərə üstünlük verə bilərlər. Çin Azərbaycanda dinamik şəkildə nəqliyyat bazarında üstün mövqeyə çıxıb, onlara heç olmasa bu avtomobillərdən yararlanmağı tövsiyə etmək lazımdır.
Ən pis halda, bu xaricdən alınan avtomobillərə xərclənən vəsaitlər üzərində monitorinqlər aparılmalıdır. Nə qədər reallığa uyğundur ki, o avtomobillərə 200,300 ABŞ dolları vəsaitlər xərclənir? Doğrudan da bu qiymətlər realdırmı? Tenderlərin nəticəsini diqqətlə izləmək lazımdır. Burda böyük korrupsiya əməllərindən, prosesindən söhbət gedə bilər. Düşünürəm ki, bu korrupsiya siyasətinin Azərbaycanın daxili bazarında istehsal olunan nəqliyyat vasitələri üzərindən aparılmaq imkanları məhdud olduğuna görə daha çox yerli olmayan, xarici istehsal olan nəqliyyat vasitələrinin alınmasına üstünlük verilir. Dövlət orqanları tərəfindən bu məsələlər araşdırılmalıdır”-deyə İ.Hüseynli bildirdi.
Əli TURABOV