Bugünədək işğaldan azad edilmiş ərazilərə başqa vətəndaşlara məxsus mənzillərdə müvəqqəti məskunlaşmış 188 ailə (676 nəfər) köçürülüb.
Ölkə.az xəbər verir ki, bu barədə "Trend"in sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri sürətlə davam edir:
"İşğaldan azad edilmiş ərazilərə ilk növbədə qəzalı və ağır şəraitdə, yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində, eləcə də başqalarına məxsus mənzillərdə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər köçürülür".
Qeyd edilib ki, keçmiş məcburi köçkünlər yalnız qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə daimi yaşayış sahəsi ilə təmin edilirlər.