
“2024- cü ilin yanvar ayında kolleci bitirmişəm. 1 il 7 aydır ki, diplomu ala bilmirəm”.
Bu şikayətlə “Qafqazinfo”ya Vətən müharibəsi iştirakçısı, qazi Kamran Qarayev müraciət edib.
24 yaşlı qazinin sözlərinə görə, diplom ala bilmədiyi üçün işsiz qalıb: “2019-cu ildə Qərbi Kaspi Universitetinin Kollecinə qəbul olmuşam. İxtisasım “Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə” olub. 2022-ci ildə dəyişilərək “Ətraf mühitin qorunması və bərpası” adı verilib. 2020 - ci ilin yanvarında hərbi xidmətə getmişəm. 2020-ci ilin sentyabrından isə İkinci Qarabağ müharibəsində iştirak etmişəm. Müharibədən gələndən sonra dərslərdə iştirak etmişəm, lakin indi diplomsuz qalmışam. Bu da mənim işləməyimə mane olur. Kollece də demișəm ki, müharibə veteranı olduğum üçün dövlət tərəfindən mənə 80 manat ayrılır, bu pul çatmır axı… Gəlir yerim yoxdur, işləmək istəyirəm, diplom verilmədiyi üçün çarəsiz qalmışam”.
Kamran Qarayev deyir ki, məsələ ilə bağlı aidiyyəti üzrə müraciətlər etsə də, nəticə əldə etməyib: “Diplom ala bilməməyimlə bağlı kollecimizin tələbə şöbəsinə müraciət etmişdim. Sonra məni yönləndirdilər Piri müəllimin yanına, daha sonra rektor köməkçisinin yanında olmuşam. Hətta bundan rektorumuzun da məlumatı var. Elm və Təhsil Nazirliyinə də müraciət etmişəm. Mənə deyildi ki, “rəhbərlik rəsmi məlumat göndərsin”. Buna baxmayaraq, Qərbi Kaspi Kollecinin müəllimləri deyir ki, “sən get nazirlikdən şikayət elə ki, bizə diplomla bağlı rəy göndərmirlər”.
Şikayətlə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq. Agentlikdən müraciətimizə belə cavab verildi: “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsində hazırda Kamran Qarayevin təhsilinin qanunvericiliyə uyğunluğu araşdırılır. Bu araşdırmanın səbəbi tələbənin Qərbi Kaspi Universitetinin Kollecindən xaric olduqdan sonra fərqli ixtisasa bərpa edilməsi və bunun üçün təhsil müəssisəsi tərəfindən Elm və Təhsil Nazirliyindən rəsmi razılığın əldə edilməməsidir (İstinad olunan qanunvericilik aktı: Azərbaycan Respublikası təhsil nazirinin 27.01.2017-ci tarixli 49 saylı əmri ilə təsdiq olunmuş “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair” müvəqqəti qaydalar).
Eyni zamanda bildiririk ki, hərbi xidmətə getmə ilə bağlı tələbəyə verilmiş akademik məzuniyyət əmri təhsil müəssisəsi tərəfindən “Tələbə-Məzun” dövlət elektron məlumat sisteminə yerləşdirilməyib. Sözügedən sistemin vətəndaşların təhsili barədə səhih məlumatların əldə edilməsi məqsədilə tərəfimizdən istifadə olunun etibarlı mənbələrdən biri olduğunu nəzərə alsaq, bu fakt araşdırma prosesinin ləngiməsinə səbəb olur”.
Qeyd edək ki, qazi Kamran Qarayev “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Lamiyə Məmmədova