ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Trampın cümə gününə olan proqramı yayılıb. Proqramda Ağ Ev rəhbərinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcəyi, daha sonra liderlərlə birlikdə mətbuata bəyanatla çıxış edəcəyi qeyd olunur.
Mənbələrin məlumatına görə, görüş zamanı tərəflər “niyyət protokolu” imzalayacaqlar. Bu, yekun sülh müqaviləsinin imzalanması prosesinə sadiq qalınacağının göstəricisi olacaq.
Sözügedən görüş və protokolun imzalanması sülh prosesinin gedişatına necə təsir edəcək? Regionda maraqlı aktorlar Vaşinqtonun həmləsinə hansı şəkildə reaksiya verəcəklər?
Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, bu görüşdə əsas məqsəd “niyyət protokolu”nun imzalanmasıdır:
“Son olaraq Əbu-Dabi görüşündə də tərəflər danışıqlar prosesinə sadiqlik nümayiş etdirdilər. Konkret nəticə əldə olunmadı. Bu kontekstdə, “niyyət protokolu”nun imzalanması növbəti mərhələdə sülh müqaviləsinə doğru atılan addım kimi qiymətləndirilə bilər. Sənədin imzalanması, eyni zamanda ABŞ-ın prosesə dəstəyini davam etdirdiyini göstərən əsas nüans olacaq”.
Həmçinin oxuyun:
Mineral sazişi bu tarixdə imzalanacaq – Tramp açıqladı – YENİLƏNİB
Əziz Əlibəyli
Ə.Əlibəyli qeyd edib ki, sülh müqaviləsi həm də “siyasi mükafat” sayıla bilər:
“Proses nəticə verərsə, hətta “Nobel” sülh mükafatına namizədin göstərilməsi üçün şəraitin formalaşması mümkündür. Beləliklə, protokolun imzalanmasından Tramp da siyasi divident qazanar.
Hazırkı mərhələdə əsas məsələ sülh müqaviləsinin imzalanması deyil, məhz sözügedən protokolun razılaşdırılmasıdır. Sənəddə diqqətin Zəngəzur dəhlizinə yönəlməsi və bu istiqamətdə veriləcək konkret qərarlar əsasında məsələyə nöqtə qoyulması gözlənilir”.
Ləman İmran
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.