RU

Səninlə son görüşüm, son vidam bu oldu

Bu dəfə də gəldik ki, səni təbrik edək və yenə də əlimiz boş. Nə tortumuz var, nə də hədiyyəmiz. Amma deməyə ürək dolusu sözüm var canım ŞƏHİDİM!

Hər il ad günündə ləvazimatları özün alardın ki, anam tort bişirsin. “İşdəkilər sənin tortunu çox bəyənir” deyərdin. Anam da bir həvəslə bişirərdi ki, gəl görəsən. Arada məni də danlayardı ki, üstünü səliqəli bəzə, yazını gözəl yaz. Axı, əziz balasının ad günü idi, bütün dünya bir yana, sən bir yana idin canım mənim. Evdəki bütün yeməkləri sənə görə bişirirdi. Sən nə xoşlasan, biz də məcbur onu yeməliydik. Aramızda doqquz yaş fərq varıydı. Bir böyüyüm kimi baxırdım sənə. Sən də məni məhz elə qoruyurdun.

Səhəri gün yenə də tort ləvazimatları alıb gətirərdin. “Bunu da ev üçün edin yeyək, sizsiz necə yedim heç bilmədim” deyərdin. Çünki mənim nə qədər şirniyyat aşiqi olduğumu bilirdin. Elə sevinirdim ki... O vaxt təxminən 7-ci sinifdə oxuyardım. Bir axşam anama dedim ki, “hamı o qara sumkanı gətirir məktəbə, mən də istəyirəm ondan”. Anam da “qızım bahalıdı axı, indi imkan yoxdu onu almağa, bir az gözlə” dedi (çantanı alverçilər satırdılar, qara “tiqr” o vaxtın dəbi idi, 25 rus rublu). Dinməzcə oturdum. Qardaşımın bu söhbətə şahid olduğunun fərqinə varmadıq. Günlərin bir günü məktəbdən məni götürəndə gülərək “sənə sürprizim var, bacı”- dedin. Sevincdən gözlərim parıldadı. Nə qədər soruşsam da, nə olduğunu demədin. Yol boyu üzün-gözün gülürdü. Məndən də çox sən sevinirdin. Çünki bacının istəyini yerinə yetirmişdin. Qara çantanı almışdın, həm də ilk maaşınla. Az qalırdım evə qaçıb tez tez çatım ki, sürprizi görüm. Qəzetə bükülü hədiyyəni necə açdım, heç özüm də bilmədim. Bu sətirləri yaza-yaza eyni sevinci yaşayıram. Canım anam da dilxor idi ki, o qədər pulu niyə vermisən? Qardaşlığını mənə çox yüksək səviyyədə edirdin.

Yenə günlərin birində Türkiyəyə təhsilimi davam etdirmək üçün yola düşməli idim (1992-ci il. 15 yaşım var idi). Saçlarım da çox uzun idi. Anama dedim ki, “saçımı necə qurudacağam? Bəlkə kəsdirdim saçımı. Yataqxanada şərait necə olacaq bilmirəm? (o dövrdə Azərbaycandan Türkiyəyə təhsil almağa gedən ilk tələbələr idik. Hara düşəcəyimizi, bizi nələrin gözləyəcəyini bilmirdik. Bildiyimiz o idi ki, qəbul olmuşduq və təhsil almağa gedirdik). Elə sözümü bitirmişdim ki, sən həmən yerindən sıçrayaraq çölə çıxdın. Anam: “Elçin, gecə saat 1-dir, hara belə?” – dedi. “Yarım saata gələcəyəm, narahat olmayın” - deyərək gözdən itdin. Düz yarım saat sonra əlində fen dəsti içəri girdin. “Bacı, mən ölməmişəm ki, fikir edəsən. Sənə demişəm axı, nəyə ehtiyacın olsa mənə de”. Sevincimdən gözlərim doldu və sənə sarıldım. Atam “ay bala, bu saatda feni hardan tapdın?” deyərək soruşdu. “Ata, müştərimin komisyon maqazini var, evinə gedib oyatdım və maqazini açdırdım” dedin (Azad Bankda müdir müavini işləyirdi). Hansı birini deyim, yazım ki, ürəyim soyusun. Kaş ki, bu qədər yaxşı olmasaydın. Kaş ki, heç olmasa xətrimizə dəyərdin ki, bu qədər yanmazdıq. Kaş ki...

Bütün bu yazdıqlarım bir yana. Ən çox da bir məqam məni yandırır. Sən Şəhidlik zirvəsinə ucalanda mən Azərbaycanda yox idim, qeyd etdiyim kimi, təhsil almağa getmişdim. Düzdür atam məktubda yazmışdı ki, Elçin təhsilini, işini və bizi atıb bir göz qırpımında Qarabağa könüllü olaraq döyüşməyə gedib. O vaxt nə görüntülü telefon var idi, nə də internet. Çox çətin və acınacaqlı bir vəziyyət idi. Ailədən ayda bir dəfə zəng gəlirdi. İki kəlmə söz deyən kimi telefon kəsilirdi. Bir gün yenə yataqxanada anons verdilər ki, Bakıdan zəng var, adımı çağırdılar. Pilləkənləri elə uça-uça düşdüm ki, vaxt az getsin, təki danışa bilim. Dəstəyi götürdüm və QARDAŞIM. İlk olaraq inanmadım. Gah ağlayıram, gah qışqırıram. Dedim qayıtmısan evə? Dedi “bacı gəldim ki, imtahan və “zaçotlarımı” tez verim. Yenə qayıdacağam”. “Qurban olum getmə, axı, sən könüllüsən universiteti bu il bitirirsən” deyərək ağladım. Nə qədər yalvardım, olmadı. “Bacı, sən də anam kimi başlama, imkan ver sözümü deyim, nə qədər ki, telefon kəsilməyib. Sən uşaq deyilsən, (17 yaşım var idi) ola bilsin daha qayıtmadım. Gəlmişkən hamıyla görüşdüm. Qonum-qonşu, qohum-əqrəba. Hamıyla halallaşdım. Dedim sənin də səsini eşidim. Bacı, mənə nəsə olsa, özünə də, anamıza da yaxşı bax. Mən qayıtmalıyam. Əsgər yoldaşlarıma söz vermişəm. Orada nələr olur bir biləsiniz. Bacı, fikrini topla. Sən orada universitetə girməlisən, eşidirsən məni? (Qazi Anadolu Liseyində təhsil alırdım). “Ay qardaş... Elçin...” bu sözlər ağzımda qaldı və telefon kəsildi. Mənim səninlə son görüşüm, son vidam bax bu oldu. Hələ də səsin qulaqlarımdadır. Sonradan dostları bizə dedi ki, “Elçin bilirdi şəhid olacağını. Dedi bu, mənim son gəlişimdir”.

Axı, mənim də haqqım var idi ki, səni son mənzilə yola salım. Mənim də haqqım idi ki, sənə ürək sözlərimi deyim. O haqqı ailəm mənə təhsilim yarımçıq qalmasın deyə yaşatmadı. Nə az, nə çox, düz altı ay sonra tətil üçün Vətənə qayıdanda evdəkiləri hava limanında görəndə sümüyüm sancdı. Anam qara libasda, saçında bir dənə də qara tük yoxuydu. Atamın da beli bükülmüşdü. “Nə xəbər var Elçindən?” deyərək hamının gözünün içinə baxmağa çalışırdım. Ortancıl qardaşımın ayaqüstə durmağa taqəti yoxuydu. Bütün ailə bir bitiş nöqtəsi yaşayırdı. Hamı məndən gözünü qaçırdırdı. Sanki mənimlə üzləşmək istəmirdilər. Məni xəbərsiz qoyduqlarına görə vicdan əzabı çəkirdilər. Min bir bəhanə ilə məndən uzaq dururdular. Bir il ailədən xəbər ala bilmirsən, telefonla yalnız 2-3 dəqiqə danışırsan, o da hər dəfə bir nəfərin səsini eşidirsən. Həsrətlə gözləyirsən ki, bir il sonra hamıya qovuşacaqsan və gəlirsən ki, ailənin bir üzvü yoxdur və ailə büsbütün sarsılıb. Düzdür, o vaxt onları çox qınadım. İndi isə niyə o qərara gəldiklərini çox gözəl anlayıram. Fəqət yaşadıqlarımı heç vaxt unutmayacağam.

Dözmədim, yenə də atamdan yapışdım. Udqunaraq “qızım, Elçindən xəbər ala bilmirik neçə aydır, qızğın müharibə gedir və maşına min” dedi. Yol boyu heç kim heç nə danışmadı. Mən də gizlicə ağlayaraq susub oturmuşdum. Hiss edirdim ki, nəsə olub. Amma nə? Şəhidlikdən başqa hər şeyi ağlıma gətirirdim. Ya əsir düşüb, ya komadadır. Bir tək ölümü yaxına buraxmırdım.

Избранный
125
2
publika.az

1Источники