Rusiyanın Krasnoyarsk diyarının Novoselovo sakini sosial şəbəkələrdə hərbi komissarlıqların ləğvi və "Crocus City Hall"da terrorçuların əməllərinə haqq qazandıran çağırışlara görə saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.
7News.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Krasnoyarsk diyarının prokurorluğu məlumat verib.
"2022-ci ilin oktyabrında Novoselovo qəsəbəsinin 58 yaşlı sakini mesencerlərdən birində dərc edilən paylaşımda terrorizmə dəstək və hərbi komissarlıqların məhv edilməsinə çağırışların yer aldığı şərh yazıb. 2024-cü ilin martında "Vkontakte" sosial şəbəkəsində "Crocus City Hall"da baş vermiş faciə ilə bağlı paylaşımın altında isə o, başqa təhrikedici mesaj yerləşdirib və bu dəfə terrorçuların əməllərinə haqq qazandırıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları kişini saxlayıblar", - deyə məlumatda bildirilib.
Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi ilə terror fəaliyyətinə çağırışlar və terrorizmin təbliği üzrə cinayət işi açılıb.