Foreign Policy: “Böyük Borclu Yeddilik” devrilmə təhlükəsi yaşamaqdadır...
Poliqon xəbər verir ki, “Foreign Policy” nəşrində dərc olunan məqalədə iqtisadçı və High Yield Economics bülleteninin yaradıcısı Daniel Altman dünyanın ən böyük yeddi iqtisadiyyatının – Kanada, Fransa, Yaponiya, İspaniya, İtaliya, Böyük Britaniya və ABŞ-nin ciddi borc təzyiqi altında olduğunu yazıb. Onun fikrincə, bu ölkələrdə dövlət borcu illik ÜDM-i aşır və bu, yüksək faiz dərəcələri ilə paralel olaraq tarixdə görünməmiş risklər yaradır.
Altman bu ölkələri “D7” — yəni “Böyük Borclu Yeddilik” adlandırır və onları ən iri beynəlxalq borclu dövlətlər kimi qlobal “G7” alyansına analoji şəkildə qruplaşdırır. Beynəlxalq Valyuta Fondunun məlumatlarına istinad edən müəllif vurğulayıb ki, D7 ölkələrində dövlət borcu 100%-dən çoxdur və bu, 1990-cı illərdə Asiya və Rusiyada baş vermiş maliyyə böhranlarına bənzər, lakin daha genişmiqyaslı bir devalvasiya zəncirinə səbəb ola bilər.
Altman bildirir ki, son üç ildə bu ölkələrin istiqrazları üzrə faiz dərəcələri əhəmiyyətli dərəcədə artıb. Bu, borc bazarına təzyiqi artırır və yeni borc cəlb etmə imkanlarını məhdudlaşdırır. O, xəbərdarlıq edir ki, əgər bu domino daşlarından biri aşsa, digərlərini də ardıcıl olaraq yıxa bilər: “Bu, aparıcı valyutalarda devalvasiyaların başladığı bir zəncirvari prosesə çevrilə bilər. Bu prosesə həm investorlar, həm də hökumətlər özləri səbəb ola bilər.”
Müəllifə görə, dövlət borclarının milli valyutada olması hökumətlərə borc öhdəliklərinin dəyərini nəzarət altında saxlamağa imkan verir. Lakin devalvasiya inflyasiyanı artırır və bununla da borc yükü nominal olaraq azaldılır. Bu isə Altmanın fikrincə, büdcə xərclərinin azaldılması və ya vergilərin artırılması kimi çətin siyasi qərarların qarşısını almağa xidmət edir: “Bu, bir növ hiyləgər manevrdir. Lakin belə proseslər xəbərdarlıq etmədən başlayır və sürətlə genişlənə bilər.”
Altman hesab edir ki, D7 ölkələrinin hər hansı birində baş verəcək devalvasiya digər ölkələrə də zərbə vuracaq və qlobal maliyyə sistemində ciddi zərərli təsirlərə yol aça bilər.
Poliqon.info