RU

Kadırov 17 yaşlı oğlunu BƏƏ prezidenti ilə görüşə aparıb

Çeçenistan rəhbəri BƏƏ prezidentinin Moskvaya rəsmi səfərində iştirak edib...

Poliqon "Aqentstvo Novosti" nəşrinə istinadən xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya nümayəndə heyətinin tərkibində Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayid Əl Nəhyanın Moskvaya rəsmi səfərini qarşılayıb. Çeçen televiziyası “Qroznı”nın yaydığı videoda Kadırovun yanında onun 17 yaşlı oğlu Adam Kadırovun (əsl adı Moxmad) dayandığı görünür.

BƏƏ lideri Rusiyaya rəsmi səfər çərçivəsində Prezident Vladimir Putinlə danışıqlar aparmaq üçün gəlib. Dövlət agentliyi RIA Novostinin məlumatına görə, onu Vnukovo hava limanında Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin, birinci baş nazir müavini Denis Manturov, Liberal Demokrat Partiyasının lideri Leonid Slutski və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev qarşılayıblar. Lakin agentlik Ramzan Kadırovun da qarşılayanlar arasında olduğunu qeyd etməyib – bu haqda yalnız Çeçenistan dövlət televiziyası məlumat verib.

“Qroznı” kanalının yayımladığı kadrlarda Ramzan Kadırovun Kirill Dmitriyevlə yanaşı dayandığı, BƏƏ prezidentinə əl uzadaraq onunla qucaqlaşdığı və qısa söhbət etdiyi görünür. Arxa planda isə onun oğlu – Adam Kadırov müşahidə olunur.

Bu, Ramzan Kadırovun BƏƏ lideri ilə ilk görüşü deyil. 2024-cü ilin oktyabrında və 2025-ci ilin martında o, Şeyx Məhəmmədlə BƏƏ-də də görüşlər keçirmişdi. Lakin həmin görüşlərin fotomateriallarında Adam Kadırovun iştirakı qeydə alınmayıb.

Ramzan Kadırov həmçinin 2024-cü ilin oktyabrında Moskva görüşündə – Vladimir Putin və BƏƏ prezidenti arasında keçirilən danışıqlarda da iştirak etmiş və hava limanında Şeyxi qarşılamışdı. Həmin görüntülərdə də Adam Kadırov görünmür.

Adam Kadırov 2023-cü ildə Qroznı İstintaq Təcridxanasında Qurani-Kərimi yandırmaqda ittiham edilən Nikita Juravelyi döydükdən sonra diqqət mərkəzinə düşmüşdü. Bundan sonra o, müxtəlif mükafat və rütbələr alıb: 2023-cü ildə Çeçenistan rəhbərinin təhlükəsizliyinin təmin edilməsi üzrə şöbə rəisi, 2025-ci ildə isə Daxili İşlər Nazirliyi üzrə kurator və Çeçenistan Təhlükəsizlik Şurasının katibi təyin edilib.

Qeyd edək ki, beynəlxalq liderlərlə görüşlərə oğlunu mütəmadi olaraq özü ilə aparan digər bir siyasi lider Belarus prezidenti Aleksandr Lukaşenkodur.

Poliqon.info

Избранный
101
41
poliqon.info

10Источники