Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.
Narkomaniya cəmiyyətimizdə ciddi problemlərdən biridir və onunla mübarizə müxtəlif səviyyələrdə aparılır. Dövlət və qeyri-hökumət təşkilatları bu sahədə fərqli layihələr həyata keçirir.
Ancaq bu proqramların effektivliyi barədə suallar da gündəmdədir.
Görəsən, mövcud tədbirlər narkomaniya probleminin həllində kifayət edirmi?
Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, ekspert Emil Maqalov mövzunu Gununsesi.info-ya belə şərh edib:
“Ümumiyyətlə, mən televiziya kanallarına və digər jurnalistlərə səslənirəm: narkomaniya problemini ictimailəşdirmək və daim gündəmdə saxlamaqla real nəticə əldə olunmur. Çünki bu məsələ təkcə polislik deyil. Polis narkotik istifadəçisini tutub, sənədləşdirib məhkəməyə göndərir. Məhkəmə də, əgər həmin şəxs narkotiki yalnız öz istifadəsi üçün saxlayıbsa, ya 400 manat cərimə təyin edir, ya 2 ay inzibati həbs verir, ya da onu məcburi müalicəyə göndərir. Amma narkodispanserlərdə yer yoxdur, nəticədə bu adamlar yenidən sərbəst buraxılır.
Bu problem Səhiyyə Nazirliyinin səlahiyyətində olan məsələdir. Dövlətin müalicə üçün proqramı var, amma bu proqram geniş şəkildə həyata keçirilmir. Hazırda cəmi 5-6 narkodispanser var. Tutaq ki, yeni binalar tikilməli, yer ayrılmalı, vəsait ayrılmalı və bunlar 5 il vaxt aparacaq. Tikilən mərkəzlərin hər birinə 30 narkoloq lazımdır. Ümumilikdə 150 narkoloq. Bəs bu qədər narkoloqu haradan tapacağıq? Çünki bu sahə həm çətin, həm də az maaşlıdır, ona görə də həkimlər bu ixtisası seçmir”.
Ekspert qeyd edib ki, hazırda Qlobal Fond və Səhiyyə Nazirliyi tərəfindən maliyyələşdirilən “Zərərin azaldılması” adlı dövlət proqramı mövcuddur:
“Bu proqram çərçivəsində metadon müalicəsi tətbiq olunur. Narkotikdən asılı olan insanlar bu tibbi müalicə ilə ağrılardan xilas ola bilir. Çünki narkoman oğurluq edir, ailədən, qonşudan oğurluq edir, çünki narkotik tapmalıdır. Ağrısı var və ona görə mütləq istifadə etməlidir – bu bir xəstəlikdir. Metadon proqramı isə alternativ müalicə yoludur.
Bu layihə çərçivəsində anonim və pulsuz şəkildə psixoloq, vəkil, narkoloq xidməti də göstərilir. Lakin hazırda proqram çox zəif işləyir. Əgər dövlət bu layihəni genişləndirsə, mövcud 11 qeyri-hökumət təşkilatının sayı 50-yə çatdırılsa, narkomaniya ilə mübarizədə müsbət dəyişikliklər əldə etmək olar. Ən azı 20-30 faiz nəticə verməsi mümkündür”.
Şəbnəm Rəhimova
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.