Əmək pensiyalarında belə kəskin fərqlərin mövcudluğu qanunvericiliyə uyğun sayılırmı, yoxsa bu, sosial bərabərliyə ziddir? Pensiya sistemində hansı islahatlara ehtiyac var?
Mövzu ilə bağlı vəkil Fariz Namazlı suallarımızı cavablandırıb. Vəkil bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək dövlətin əsas vəzifələrindən biridir. Konstitusiyanın 16-cı maddəsinə görə, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəyə görə, Dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Əmək pensiyaları haqqında qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
F. Namazlı qeyd edib ki, pensiyaya çıxmaq istəyən şəxsin fərdi şəxsi hesabında pensiya kapitalı normal həddə olmalıdır, əks halda onun sığorta stajı 25 ildən az olmamalıdır. Əgər bu şərtlərə əməl olunmazsa, o halda minimum həddə, yəni 320 manat pensiya təyin edilir. Lakin bu şərt müəyyən qrup şəxslərə şamil olunmur, qanunvericilik onları güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər kateqoriyasına ayırır ki, bura həmçinin hüquq mühafizə orqanlarında işləyən şəxslər daxildir, eyni zamanda dövlət qulluqçuları üçün də ayrıca imtiyazlar nəzərdə tutulub. Bu da nəticədə bu kateqoriyadan olan şəxslərin pensiyaya çıxdığı hallarda daha yüksək pensiya almasına imkan yaradır.
Vəkil əlavə edib ki, əvvəlki qanunvericilikdə, yəni 2007-ci ilə qədər qüvvədə olan Vətəndaşların pensiya təminatı haqqında qanunda vətəndaşlar üçün daha yüksək imtiyazlar, eyni zamanda onların erkən yaşda pensiyaya çıxmaq imkanları nəzərdə tutulmuşdur, lakin 2007-ci ildən sonra qüvvəyə minən Əmək pensiyaları haqqında qanun bu imtiyazları ləğv edib və pensiyaya çıxmaq şərtləri daha da ağırlaşıb, pensiya almaq hüququ verən yaş həddi artırılıb. Ömrün qısaldığını nəzərə alsaq buna görə də qanunvericilikdə olan normalar sosial bərabərliyə zidddir.
Fariz Namazlının sözlərinə görə, sosial ədalət baxımından hər kəs eyni pensiya hüquqlarına malik olmalı, yəni eyni stajı olan və eyni miqdarda sosial sığorta ödəyən şəxslərin pensiyası işlədiyi sahədən və vəzifəsindən asılı olmayaraq bərabər və ya yaxın olmalıdır. Lakin yüksək vəzifə tutan şəxslər üçün əmək haqqı yüksək olduğundan yığılan kapital da çox olur, əlavə olaraq xüsusi güzəşt mexanizmləri var. Bu da sosial bərabərlikdə ziddiyyətə səbəb olur. Buna görə də insanlar üçün ədalətli pensiya sistemi yaradılmalı, pensiyaya çıxmaq üçün nəzərdə tutulan yaş həddi azaldılmalı və sığorta kapitalı məbləği ləğv edilməlidir. Eyni zamanda problemlərdən biri də ondadır ki, işləyən şəxsin şəxsi hesabında mövcud olan pensiya kapitalı o pensiya yaş həddinə çatmadan vəfat etdikdə, onun vərəsələrinə verilmir və beləcə dövlətin mülkiyyətinə keçir ki, bu da qanunsuz hesab edilməlidir.
Səidə Ramazanova