
Elə bir ağlayam, uşaqlar
Sizə heç göz yaşı qalmaya. Bu misralar böyük ürək yanğısı ilə qələmə alınmışdı, çünki Aziz Nesin də yaxşı bilirdi ki, uşaqları pisniyyətli insanlardan qorumaq heç də həmişə mümkün olmur. İşin ən acınacaqlı tərəfi isə budur ki, belə təhlükəli insanlar yadların yox, məhz evimizin, yaxın bildiklərimizin içindən çıxırlar. Bir neçə gündür sosial şəbəkələrdə 64 yaşlı kişinin azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi ilə bağlı yayılan görüntülər uşaqları xəstətəfəkkürlü adamlardan qoruya bilmədiyimizi şillə kimi üzümüzə vuranda yer ayağımızın altından qaçsa da, yıxılmadıq. Bizi yıxan növbəti və ən ağır zərbə, yəni uşağa qarşı yazılan şərhlər oldu. Azyaşlının könüllü şəkildə bu təcavüzün bir parçası olduğunu yazan bəzi insanlar cəmiyyətin şam kimi əriyən ürəyinə elə şok dalğası yaydı ki, dodaqlar kilidləndi, gözlər yerə dikildi. Yoğurduqca daha çox su aparan bu xəmirin başqa bir azyaşlının boğazında ilişib qalmaması üçün artıq sərt addımlar atılmalıdır. Görək, ölkəmizdə qanunvericilik bu cür hallarda uşaqları necə qoruyur? Bəs 64 yaşlı kişini kənara qoyub 4 yaşlı uşaqda günah axtaran insanlar üçün nə demək olar? Ümumiyyətlə, deyiləcək bir söz qalıbmı? Məsələ ilə bağlı 1news.az-a açıqlama verən “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd edib ki, uşağa qarşı bu hərəkəti edən şəxsə ağır cəza verilməlidir.










