RU

Tarixi yaddaş, silinməyən deportasiya izləri -Qərbi Zəngəzur

Bu bölgədən amansız işgəncələrlə qovulmanın son ünvanı 1991-ci il avqustun 8-nə keçən gecə Nüvədi kəndi oldu

Qərbi Azərbaycan – bu ad sadəcə bir coğrafi bölgəni deyil, bir xalqın yağı düşmən tərəfindən silinmək istənilən yaddaşını, zorla əlindən alınan yurd yerlərini, tərk edilməyə məcbur edilən doğma torpaqlarını xatırladır. Tarixin müxtəlif mərhələlərində azərbaycanlılar bu ərazilərdə yaşayıb, burada öz mədəniyyətlərini, dil və dinlərini yaşadıb, kəndlər salıb, şəhərlər qurublar. Günümüzə qədər gəlib çatan saysız-hesabsız sənədlər, xəritələr, toponimlər bunu bir daha sübut edir. Ən diqqətəlayiq fakt odur ki, bu ərazilərdə yerləşən yaşayış məntəqələrinin adlarının əksəriyyəti Azərbaycan mənşəlidir. Bu adlar o torpaqlarda azərbaycanlıların qədimdən yaşadıqlarının susmayan, danılmaz şahidləridir. Ermənilər isə bu coğrafiyaya sonradan köçürülüblər. Onların burada məskunlaşdırılması tarixi faktlarla təsdiqlənir və bu, regionda strateji maraqları olan böyük dövlətlərin imperiya siyasətinin bir nəticəsi idi. Həmin köçürmələrdən sonra azərbaycanlıların öz torpaqlarında təhlükəsiz yaşamaları mümkün olmadı. Nəticədə Qərbi Azərbaycanda yaşayan soydaşlarımız dəfələrlə hücumlara, qətliamlara, zorakı köçürmələrə və kütləvi deportasiyalara məruz qaldılar.

XX əsr Azərbaycan xalqı üçün yalnız inkişaf və mübarizə ilə deyil, həm də ard-arda baş verən faciələrlə yadda qalıb. Bu faciələrin başlıca ünvanı isə məhz Qərbi Azərbaycan olub. Bu ərazilərdə aborigen, yəni yerli əhali olan azərbaycanlılar tədricən, planlı şəkildə öz doğma yurdlarından sıxışdırılıb çıxarılıb. Ermənilərin əsl məqsədi “dənizdən-dənizə böyük Ermənistan” xülyasını gerçəkləşdirmək və bütün regionu erməniləşdirmək idi. Onların bu iddiaları və etnik təmizləmə siyasəti təkcə İrəvanla yekunlaşmadı. 1920-ci ildə keçmiş Sovet hökumətinin qərarı və erməni siyasətçilərinin təzyiqi nəticəsində Zəngəzur da Azərbaycandan qoparıldı və Ermənistana birləşdirildi. Bu addım təkcə bir bölgənin itirilməsi deyildi. Bununla Azərbaycan Naxçıvandan və dolayısı ilə Türkiyədən coğrafi baxımdan təcrid edildi. Bu isə bütövlükdə türk dünyasının parçalanmasına xidmət edən məkrli bir geosiyasi planın tərkib hissəsi idi. Zəngəzurun Ermənistana birləşdirilməsi də xalqımıza qarşı yönəlmiş açıq bir cinayət idi. Bu proses erməni millətçilərinin Moskvadakı mövqeləri sayəsində həyata keçirildi. Həmin dövrdə sovet rəhbərliyində mühüm mövqelərdə təmsil olunan ermənilər Azərbaycan əleyhinə qərarların verilməsində mühüm rol oynadılar. Beləcə, XX əsrin ortalarında daha bir ağır fəlakət yaşandı. 1948-1953-cü illərdə minlərlə azərbaycanlı doğma yurd-yuvasından deportasiya edildi.

1970-1980-ci illər də  Azərbaycanın tarixində siyasi uzaqgörənliyin, milli maraqlar naminə prinsipial qərarların verildiyi və mühüm təhlükələrin qarşısının alındığı bir dövr kimi yadda qalıb. Bu dövr Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasına birinci rəhbərlik etdiyi illərə təsadüf edir. Məhz Ulu Öndərin qətiyyətli siyasi iradəsi, milli məsələlərə həssas yanaşması və xalqın taleyini hər şeydən üstün tutması sayəsində Qərbi Azərbaycanda xalqımıza qarşı planlaşdırılan yeni deportasiya və etnik təmizləmə siyasətinin qarşısı alındı. Heydər Əliyevin Moskva rəhbərliyi arasında  nüfuzu və siyasi çəkisi o qədər güclü idi ki, erməni dairələrinin planlaşdırdığı yeni təxribatlar, sərhəd dəyişiklikləri və zorakı köçürmələr reallaşdırıla bilmədi.

Lakin bu balans və siyasi sipər çox çəkmədi. 1987-ci ildə Heydər Əliyevin Sovet İttifaqı rəhbərliyindəki, tutduğu yüksək vəzifədən uzaqlaşdırılması ilə Ermənistan rəhbərliyi tərəfindən azərbaycanlılara qarşı növbəti mərhələli planların reallaşdırılması üçün münbit şərait yarandı. Qərbi Azərbaycanda yaşayan soydaşlarımız üçün yenidən qara günlər başlandı. Bu, təkcə etnik təmizləmə deyil, eyni zamanda, amansız bir soyqırımı və planlı bir humanitar fəlakət idi. 1988-1991-ci illəri əhatə edən sonuncu deportasiya mərhələsi yalnız miqyası ilə deyil, qəddarlığı və sistematikliyi ilə də seçilir. Bu dövrdə azərbaycanlılar işgəncələrə, vəhşi qətllərə, kütləvi təhqirlərə və zorakılıqlara məruz qaldılar. Məqsəd sadəcə insanların yaşadığı torpaqlardan çıxarılması yox, eyni zamanda, onların ruhunun sındırılması, milli kimliyinin əzilməsi idi. Bu dövr tarixi yaddaşımıza ən qanlı, ən qəddar mərhələ kimi həkk olundu.

Bu bölgədən amansız işgəncələrlə qovulmanın son ünvanı 1991-ci il avqustun 8-nə keçən gecə Nüvədi kəndi oldu. Bu tarix Qərbi Azərbaycanda azərbaycanlıların mövcudluğuna son qoyulan gün kimi yadda qaldı. XX əsr ərzində Nüvədi kəndi üç dəfə erməni hücumlarına məruz qalıb: 1905-ci ildə əhali köçməyə məcbur edilib, 1918-ci ildə kənd yandırılıb, 1991-ci ildə isə tam işğal olunub. Lakin bu kəndin sakinləri 1987-1991-ci illər arasında üç il boyunca gecə-gündüz növbə çəkərək, böyük iradə və birlik göstərərək doğma yurdlarını qorumağa çalışıblar. Onların müqaviməti xalqımızın yurd sevgisinin və vətənə bağlılığının rəmzinə çevrilib. Nüvədi kəndində yaşanan bu ağır taleyin fonunda azərbaycanlıların öz doğma torpaqlarına bağlılığı və vətən uğrunda göstərdikləri müqavimət xalqımızın milli şüurunda dərin izlər buraxdı.

Prezident İlham Əliyev azərbaycanlıların Ermənistan ərazisindən zorla çıxarılmasını haqlı olaraq “dəhşətli deportasiyalar” kimi səciyyələndirir. Bu deportasiyalar təkcə azərbaycanlılara qarşı deyil, həm də beynəlxalq hüquq normalarına, insanlığa qarşı törədilmiş bir cinayət idi. İnsanların öz tarixi torpaqlarından zorla çıxarılması, onların mənəvi travmalarla yaşamasına və milli yaddaşlarının itirilməsi təhlükəsinə gətirib çıxardı.  Bu mənəvi irs, XX əsrin sonunda və XXI əsrin əvvəllərində Azərbaycanın əsas ümummilli hədəfi – ərazi bütövlüyünün və suverenliyin bərpası uğrunda mübarizədə xüsusi əhəmiyyət kəsb etdi. İkinci Qarabağ müharibəsinədək Azərbaycanın əsas ümummilli ideyası ərazi bütövlüyünün və suverenliyin bərpası idi. Prezident İlham Əliyevin liderliyi ilə bu məqsədə çatmaq üçün bütün milli güc səfərbər olundu və Vətən müharibəsi ilə antiterror tədbirləri nəticəsində bu ideya reallığa çevrildi. Lakin tarix qarşısında məsuliyyətimiz bununla bitmir. Yeni dövrdə əsas prioritetlərdən biri Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların doğma yurdlarına dinc şəkildə qayıdışının təmin edilməsidir. Ermənistan bu qayıdışı öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışsa da, Azərbaycanın niyyəti beynəlxalq hüququn tanıdığı insan haqlarını təmin etməkdir. Bu hüquq Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və digər beynəlxalq sənədlərlə təsbit olunub. Prezident İlham Əliyevin vurğuladığı kimi, azərbaycanlılar Qərbi Azərbaycana tanklarla yox, avtomobillərlə qayıdacaqlar. Qayıdışa inam güclüdür və bu milli ideya artıq yeni strateji mərhələnin mərkəzindədir.

Nigar Orucova, “İki sahil”

Избранный
18
ikisahil.az

1Источники