RU

Kondisioner filtrləri təhlükə saçır – Ölümcül bakteriya yayılıb

ABŞ-ın Nyu-York şəhərində "Legioner xəstəliyi" kimi tanınan legionellozdan üçüncü ölüm halı qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə şəhərin Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, infeksiya ilk dəfə iyulun 25-də aşkarlanıb və qısa müddət ərzində yayılaraq epidemiya halını alıb. Hazırda 67 nəfərə bu diaqnoz qoyulub.

Şəhər rəhbərliyi qripə bənzər əlamətlər - öskürək, boğaz ağrısı, burun axıntısı, sinə ağrısı və nəfəs darlığı hiss edən sakinlərə dərhal həkimə müraciət etməyi tövsiyə edir.

Legionelloz - "Legionella pneumophila" bakteriyasının səbəb olduğu ciddi ağciyər infeksiyasıdır. Bakteriya əsasən durğun sularda və baxımsız kondisionerlərin nəm filtrlərində çoxalır. Kondisionerin yaratdığı hava axını ilə ətrafa yayılaraq nəfəs yolu ilə insan orqanizminə daxil olur.

Risk qrupuna kondisionerli, qapalı və sıx məkanlarda çalışan şəxslər, havalandırma sistemlərinin təmizliyinə nəzarət edilməyən müəssisələrin əməkdaşları, həmçinin yaşlılar, immun sistemi zəif olanlar və siqaret istifadəçiləri daxildir.

Xəstəlik əlamətləri adətən soyuqdəymə və qriplə qarışdırılır. Diaqnozun gec qoyulması isə ağır fəsadlara və bəzi hallarda ölümə səbəb ola bilər. Mütəxəssislər legionellozun qan analizi ilə vaxtında aşkarlanmasının və dərhal müalicəyə başlanmasının vacibliyini vurğulayırlar.

Milli.Az

Избранный
34
3
milli.az

8Источники