Bu, ABŞ-nin Cənubi Qafqazda sabitliyi dəstəklədiyini göstərir
Vaşinqton Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına evsahibliyi edir. Bu, Cənubi Qafqaz regionu üçün analoqu olmayan bir hadisədir və ABŞ-nin regiona böyük marağını və burada sülhə, sabitliyə nail olunmasını dəstəklədiyini göstərir.
2020-ci ildə Vətən müharibəsində qazanılan qələbənin memarının Prezident İlham Əliyev olduğunu vurğulayan Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında bildirib ki, tarixi zəfərlə bölgədə yeni reallıqlar yaranıb, sülhə doğru qətiyyətli addımlar atılıb. Regionda yaranmış yeni reallıqları həzm edə bilməyən qüvvələr tərəfindən Prezident İlham Əliyev böyük təzyiqlərə məruz qalmasına baxmayaraq, 2023-cü ildə Xankəndi və ətrafında keçirilən antiterror əməliyyatlarına da uğurlu komandanlıq edərək dövlət suverenliyimizin tam bərpasına nail oldu. "Prezident 44 günlük Vətən müharibəsində qalib gəlməsinə baxmayaraq, Ermənistanla sülh gündəliyini irəli sürdü, beynəlxalq hüququn 5 prinsipi əsasında iki ölkə arasında sülh müqaviləsinin mükəmməl işlənmiş layihəsini qarşı tərəfə təqdim etdi. Sözügedən sülh müqaviləsinin mətni tərəflər arasında razılaşdırılsa da, Azərbaycanın iki şərti hələ də həll edilməmiş qalır. Fəaliyyətsiz və artıq mövcud olmayan münaqişənin "qalığı" olan ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan Konstitusiyasında Azərbaycan Respublikasının legitim ərazilərinə dair iddiaların aradan qaldırılması Azərbaycanın tələbləridir", - deyə o bildirib.
Deputat qeyd edib ki, beynəlxalq və yerli mediada verilən siqnallar göstərir ki, dövlətimizin bu tələbləri də qarşı tərəfdən qəbul ediləcək. Çünki bu tələblər və Zəngəzur dəhlizinin açılması olmadan iki ölkə arasında sülh müqaviləsinin bağlanması real görünmür. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz sülhü Paşinyanla deyil, Ermənistan xalqı ilə imzalamaq istəyirik. Bunun üçün erməni xalqı Konstitusiya dəyişikliklərinə "hə" deməli, Azərbaycanın haqlı tələbini qəbul etməlidir.
P.Vəliyeva bildirib ki, sülh gündəliyini, sülh müqaviləsinin şərtlərini, Zəngəzur dəhlizinin açılmasını diktə edən Prezident İlham Əliyevdir. Xarici mediada dəhlizin Amerikanın zəmanəti ilə işə düşəcəyi qeyd olunur. Hər halda ABŞ Prezidenti Donald Tramp belə bir görüşə evsahibliyi edirsə, deməli, deyilənlər həqiqətdir.
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"