RU

Qafqaza sülh Amerika saatı ilə gəlir

  Prezident İlham Əliyevi hərbi hava bazasında rəsmi şəxslər qarşıladı; Vaşinqtonda bu sənədlərin imzalanması gözlənilir; Tramp sülh sazişini Moskvadan necə qoruyacaq?
ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə Ağ Evdə keçirəcəyi görüş gündəmin əsas mövzusu olaraq qalır. Görüşlər avqustun 8-də Bakı vaxtı ilə təxminən 22:30-da başlayacaq, 04-də (Bakı zamanı ilə avqustun 9-da) isə üç liderin birgə bəyanatla çıxış etməsi gözlənilir. Vaşinqtona hər iki ölkənin xarici işlər nazirinin gedəcəyi də dəqiqləşib. 

Günün ikinci hissəsində yayılan məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərə gedib.

APA xəbər verir ki, dövlət başçısını “Joint Base Andrews” hərbi hava bazasında rəsmi şəxslər qarşılayıblar.

Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirəcəyi görüşdə müzakirə olunacaq mövzular bəlli olub. Bu barədə ABŞ-da yaşayan azərbaycanlı jurnalist Alex (Ələkbər) Raufoğlu öz X hesabında paylaşım edib.

O qeyd edib ki, aşağıdakı əsas sənədlərin imzalanması nəzərdə tutulur:

Sülh prosesinə dair yol xəritəsini müəyyən edən birgə bəyanat.

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən əvvəlcədən razılaşdırılmış sülh sazişinin paraflanması.

Hər iki ölkənin ATƏT-in Minsk Qrupundan rəsmi çıxışını təsdiqləyən birgə məktub.

Həm ABŞ-Azərbaycan, həm də ABŞ-Ermənistan arasında münasibətlərin inkişafını nəzərdə tutan anlaşma memorandumları.

“Vaşinqtonda keçiriləcək görüşdə "tarixi irəliləyiş" kimi təqdim olunacaq sənəd imzalana bilər". Ermənistanın “Joqovurd” qəzeti Ermənistan hakimiyyətinə yaxın mənbələrə istinadən belə yazır. Qəzetin yazdığına görə, Paşinyan “Mülki müqavilə” partiyasının iclasında ABŞ-da “müəyyən sənədin” imzalanmasının böyük ehtimalla baş tutacağını bildirib.

Nəşrin iddiasına görə, Vaşinqton Zəngəzur dəhlizi probleminin həllini təklif edib. Belə ki, “dəhliz” terminindən istifadə etmədən və heç bir tərəfə xüsusi səlahiyyət vermədən, amma kənar nəzarət elementləri ilə açılmasını təklif edir.

Ekspertlərə görə, yekun sülh müqaviləsinə əsas maneə Ermənistan Konstitusiyasına dəyişikliklərin zəruriliyi olaraq qalır. Bunun üçün İrəvan yeni konstitusiya qəbul etməli olacaq ki, bu da gərgin daxili siyasi mübarizənin və 2026-cı il parlament seçkilərinə hazırlıqların getdiyi indiki şəraitdə mümkün deyil. Paşinyan etimad mandatı almaq və yalnız bundan sonra konstitusiya islahatlarına başlamaq üçün seçkilərdə qalib gəlməlidir.

Memorandumun özündə Zəngəzur dəhlizinin açılması məsələsi də öz əksini tapa bilər. Ermənistan dəhlizin Amerika şirkətinin idarəçiliyinə verilməsinə etiraz etmir, çünki hazırda Rusiya Federasiyasının FSB ona faktiki nəzarət edir. Amerika operatorunun meydana çıxması dəhlizin stabil fəaliyyətinə zəmanət verəcək və onun geosiyasi manipulyasiyalarda istifadəsini istisna edəcək. Bu, Rusiyanın bu istiqamətdə təsirini neytrallaşdırmağa çalışan İrəvanın maraqlarına cavab verir. Tam hüquqlu sülh müqaviləsinin imzalanması Ermənistanın öz konstitusiyasına qonşu dövlətlərə, o cümlədən Azərbaycan və Türkiyəyə ərazi iddialarından imtinanı özündə əks etdirən yeni geosiyasi doktrina daxil etməsindən sonra mümkün olacağını proqnozlaşdırır. Eyni zamanda Zəngəzur dəhlizinin açılması məsələsi daha tez həll oluna bilər ki, bu da Ermənistan-Azərbaycan münasibətlərinin yekun şəkildə normallaşması istiqamətində əməli addım olacaq.

Kremlə yaxın “Kommersant” nəşrində dərc edilən məqalədə deyilir ki, Vaşinqtonda gözlənilən danışıqlar artıq Ağ Evin rəhbəri üçün yeni diplomatik qələbə kimi qiymətləndirilir. “Hazırlanan sənəd sülh müqaviləsi olmasa da, onun imzalanması faktı Ağ Evdə Donald Trampa Cənubi Qafqazda sülhməramlı kimi çıxış etmək imkanı verəcək. Moskva ilə münasibətlərdə böhran yaşayan İrəvan və Bakı ABŞ-ı regionun əsas tənzimləyicisi kimi tanımağa hazır olduqlarını nümayiş etdirirlər”, - deyə məqalədə bildirilir.

Aydındır ki, Vaşinqtonda hansı sənədin imzalanmasından asılı olmayaraq, Rusiya bunu özünə qarşı addım hesab edəcək və gələcəkdə bu prosesi tormozlamaq üçün cəhdlər edəcək. Bəs o halda Vaşinqton sülh sazişini Rusiyadan qoruya biləcəkmi?



Şəhla Cəlilzadə 

Referans xəbər verir ki,Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə “Yeni Müsavat”a bildirdi ki, yalnız Ermənistan Konstitusiyasını dəyişdikdən sonra sülh müqaviləsi imzalana bilər: “Ehtimal edə bilərik ki, Vaşinqtonda tərəflər sülh üçün niyyət bəyanı, yaxud ondan müəyyən qədər artıq hüquqi qüvvəsi olan sülh üçün çərçivə sazişi imzalayacaqlar. Adətən bəyanatların hüquqi bağlayıcı qüvvəsi olmasa da, bu sənədlər sülh müqaviləsi imzalamaq niyyəti ifadə edən ilkin razılaşmalardır. Çərçivə sazişi isə müəyyən hüquqi qüvvəsi olan, sülh üçün prinsipləri, sərhədlər, təhlükəsizlik (indiki halda Zəngəzur dəhlizində təhlükəsizliyin təmini) və s. detalları özündə ehtiva edən sənəddir. Beləliklə, Trampın liderliyində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə gedən yolda vacib addım atılacağı gözlənilir və buna görə də son dövrlər Rusiya və İrandan təzyiq və hədələr artmaqdadır. Bu təzyiq və hədələri neytrallaşdırmaq, sülh prosesini qorumaq, o cümlədən digər regional konfliktlərə dair ABŞ və Rusiya arasında anlaşmaq üçün Trampın xüsusi nümayəndəsi Uitkoff bu günlərdə Moskvaya səfər edib. Bu danışıqlar, hər halda, Zəngəzur dəhlizinə dair məsələni də əhatə edir. Bu məsələdə ABŞ üstünlüyünü qorumaq üçün Trampın Rusiyaya daha öncə verdiyi 10 günlük vaxt, yeni sanksiyalar, Ukraynaya daha güclü hərbi yardım və s. kimi təzyiqlərdən istifadə etdiyini deyə bilərik. Beləliklə, Vətən müharibəsində tam qələbəmiz, suverenliyimizin tam bərpası 2020-2023-cü illəri əhatə etdiyi kimi, Zəngəzur dəhlizinin açılması ilə taclandırılacaq sülh müqaviləsi istiqamətdə uzun müddətdir davam edən danışıqların artıq yekun mərhələyə qədəm qoyduğunu deyə bilərik”.



Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynovun sözlərinə görə, Azərbaycan üçün əsas məsələ, sülhün hansı ölkənin təşəbbüsü ilə, harada və necə əldə olunmasından daha çox, həmin sənədin Azərbaycanın milli maraqlarına cavab verib-verməməsidir: “Bu baxımdan sülh müqaviləsində ilk növbədə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, qarşılıqlı surətdə ərazi iddialarından imtina etməsi və xüsusilə Ermənistan Konstitusiyasında əksini tapan qeyri-real ərazi iddialarının rəsmən ləğv olunması əsas şərtlər sırasındadır. Eyni zamanda Azərbaycanın Naxçıvanla Zəngəzur dəhlizi vasitəsilə birbaşa bağlantı qurmaq hüququ, bu sülh paketində yer almalıdır. Azərbaycan bu dəhlizin nəzarətinin neytral və ya beynəlxalq tərəfdaş (məsələn, ABŞ və ya Avropa şirkəti) tərəfindən həyata keçirilməsini qəbul edə bilər. Bu isə Moskvanın təsir imkanlarının azaldılması anlamına gələcək və Azərbaycanın praqmatik, balanslaşdırılmış xarici siyasət anlayışı ilə uzlaşır. Vaşinqtonda keçiriləcək bu görüşün ən mühüm tərəfi odur ki, söhbət sıradan diplomatik məsləhətləşmədən deyil, dövlətlərin ali siyasi rəhbərliyi səviyyəsində keçirilən görüşdən gedir. Bu isə onu göstərir ki, tərəflər - həm Azərbaycan, həm də Ermənistan məsələni son mərhələyə daşımaq üçün ciddi iradə nümayiş etdirirlər”  

Избранный
14
referans.az

1Источники