RU

Bakı metrosunda tarixdə ilk: Qadın stansiyada uşaq dünyaya gətirdi

BAKI, 8 avqust. TELEQRAF

Bu gün səhər saatlarında Bakı metropolitenində tarixdə ilk dəfə qeyri-adi hadisə baş verib. “20 Yanvar” stansiyasında bir qadın dünyaya övlad gətirib.

Metropolitenin Hərəkət xidmətinin rəisi Anar Zamanovun Teleqraf-a verdiyi məlumata görə, hadisə saat 07:40 radələrində baş verib. Qadına stansiya əməkdaşları dərhal ilkin tibbi yardım göstəriblər və əraziyə çağırılan təcili tibbi yardım briqadası zəruri müdaxiləni həyata keçirib. Ana və körpə saat 08:06-da xəstəxanaya təxliyə olunublar.

Anar Zamanov bildirib ki, bu hadisə Bakı metrosunun kollektivinin yalnız texniki təhlükəsizlik sahəsində deyil, həm də insan həyatı ilə bağlı fövqəladə hallarda da nə dərəcədə hazırlıqlı olduğunu bir daha göstərdi:

“Bakı metropoliteninin tarixində unudulmaz hadisə yaşandı. Əməkdaşlarımızın çevik reaksiyası və peşəkarlığı nəticəsində ana və körpəyə vaxtında yardım göstərildi. Belə hadisələr dünya təcrübəsində nadir hallarda baş verir. Əsas olan insan həyatıdır və biz əməkdaşlarımızın bu məsələdəki hazırlığı ilə fəxr edirik”.

Qeyd edək ki, Bakı metrosunda ilk dəfə belə bir hadisə qeydə alınır.

Избранный
71
teleqraf.com

1Источники