ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ evdə Tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözlədiyini bildirib.
Trampın sülh arzusu onun siyasi və şəxsi maraqlarına necə təsir göstərəcək?
Referans xəbər verir ki, Sfera.az-a bu barədə açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, bu gün Amerikada keçiriləcək görüş tarixi xarakter daşıyır:
“Bu görüşün Cənubi Qafqazda yeni bir mərhələnin başlanğıcı ola biləcəyi ehtimal olunur. Trampın bu görüşün baş tutmasında maraqlı tərəfi isə belə izah olunur ki, o, həm seçki kampaniyası dövründə, həm də prezidentlik müddətində əsas vurğunu dünyada sülhün bərqərar olunmasına, özünün “sülhpərvər missiyası”nı həyata keçirməsinə yönəldib”.
Politoloq Trampın hakimiyyətdə olduğu müddətdə dörd münaqişədə vasitəçilik etdiyini qeyd edib:
“Bunlardan biri Rusiya-Ukrayna, digəri HƏMAS-İsrail-Qəzza münaqişəsidir. Üçüncü Hindistan-Pakistan, dördüncü isə Tailand-Kamboca münaqişələridir. Onların ikisində – Hindistan-Pakistan və Kamboca-Tailand arasında – Tramp müəyyən nəticələrə nail olaraq atəşkəsin əldə edilməsinə kömək edib. Həmin dövlətlərin rəhbərləri də bu vasitəçiliyə görə Donald Trampa təşəkkür ediblər. Rusiya-Ukrayna və İsrail-HƏMAS münaqişələrində isə proses hələ də davam edir və istənilən nəticə əldə olunmayıb. Uzunmüddətli münaqişələrdən biri də Azərbaycan-Ermənistan məsələsidir. Bu mövzu hər dəfə gündəmə gələndə əsas söhbət sülhün əldə edilməsindən gedir. Donald Tramp burada da vasitəçilik edərək özünün qeyd olunan missiyasını nümayiş etdirmək istəyir”.
O.Qasımov bunun həm ABŞ-nin maraqlarına, həm də Trampın şəxsi maraqlarına uyğun olacağını vurğulayıb.
O əlavə edib ki, Tramp həm sülhün əldə olunmasında vasitəçilik edəcək, həm də Zəngəzur dəhlizində nəzarətin Amerika şirkətinə verilməsini təmin etməklə ABŞ-nin milli maraqlarını müdafiə etmiş olacaq:
”Bununla yanaşı, öz sülhpərvər missiyasının davam etdiyini və real nəticələr verdiyini göstərərək bu istiqamətdə təbliğat və PR kampaniyası apara biləcək. Bu vasitəçilik ona Nobel Sülh Mükafatı qazandıra bilər ki, Tramp da bunu çox arzulayır. Düşünürəm ki, bugünkü görüşdən çıxacaq müsbət nəticələr hər üç tərəf üçün faydalı olacaq”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта