RU

907-ci düzəliş ləğv olunur? -

“907-ci düzəlişin ləğv olunması məsələsi ABŞ Konqresində yeni parlamentdə qaldırılacaq". Bunu politoloq Natiq Miri Metbuat.az-a açıqlamasında bildirib. O əlavə edib ki, bu məsələ ABŞ prezidentinin səlahiyyətlərinə aiddir: “907-ci düzəliş ləğv edilmir, sadəcə icrası dayandırılır. Bu düzəlişin icrasının dayandırılması müddəti göstərilmir. Son Bayden administrasiyasının hakimiyyəti dövrünə qədər, bu cür icraat bir illik müddətə dayandırılır və hər il Azərbaycanla əməkdaşlıq fonunda təzələnirdi. Yəni düzəlişin icrası bir illik müddətə dayandırılırdı. İndiki vəziyyətdə prezident Donald Trampın bunu bir illik müddətəmi, yoxsa davamlı olaraqmı dayandıracağı hələlik bəlli deyil”. N.Miri vurğulayıb ki, ləğv olunması qərarını qəbul edən Nümayəndələr Palatasıdır və bu baxımdan həll olunacaq məkan da Konqresdir:"Sadəcə prezident öz səlahiyyətindən istifadə edərək müvəqqəti dayandırır. Biz isə bunun davamlı olmasını və birdəfəlik ləğv edilməsini istərdik. 1992-ci ildə qəbul olunan bu düzəliş Azadlıq Aktına qarşı olan bir sənəddir, Azərbaycan üçün həqiqəti əks etdirməyən və təzyiq mexanizmi olaraq ortaya atılmış siyasi riyakarlıqdır. Gerçəkdə isə azadlığı məhdudlaşdırılan, yurd-yuvasından qovulan tərəf Azərbaycan idi, Azərbaycan xalqı idi. Əgər azadlığın məhdudlaşdırılmasından söhbət gedirsə, bu düzəliş Azərbaycana deyil, Ermənistana tətbiq olunmalı idi. Çünki Azərbaycanın torpaqlarını, o cümlədən Qarabağı işğal edən Ermənistan ordusu idi”. Politoloq əlavə edib ki, icraatın dayandırılması Azərbaycana və onun dövlət başçısına olan münasibətin göstəricisidir: “Azərbaycan dövlət başçısı indiyə qədər aparılan danışıqlarda bu məsələni açıq şəkildə qaldırıb, bəyan edib və Tramp administrasiyası da ehtiyac duyub ki, Azərbaycan üçün həssas olan bu mövzunu nəzərə alaraq icranı dayandırsın. Hər bir halda bu, müsbət hadisədir. Azərbaycana qarşı müsbət münasibətin göstəricisidir və iki dövlət arasında strateji tərəfdaşlığa yönəlmiş əngəllərin aradan qaldırılması addımıdır. Əgər strateji tərəfdaşlıq niyyəti varsa, bu cür əngəlləyici amillər ortadan qaldırılmalıdır. Çünki dostlar arasında belə qərəzli münasibətlər olmur. Bu, Azərbaycana qarşı münasibətdir və müsbət dəyərləndirilməlidir. Təbii ki, könül istərdi ki, bu məsələ parlament səviyyəsində qoyulsun və birdəfəlik ləğv olunsun, yalnız icranın dayandırılması ilə kifayətlənilməsin”.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
28
1
metbuat.az

2Источники