RU

Ermənistan təxribatından zərərçəkmiş azərbaycanlılar məhkəmədə ifadə veriblər - FOTO

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 8-də davam etdirilib.

Avtosfer.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Zərərçəkmiş şəxs Lənkəran Cəfərli 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ağdam rayonunun Çəmənli kəndində mülki əhalinin təxliyəsi ilə məşğul olarkən Ermənistan silahlı qüvvələrinin atdığı mərminin partlaması nəticəsində xəsarət aldığını bildirib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında həmin ərazidə Azərbaycan Ordusunun atəş nöqtələrinin olmadığını deyib.

Şəmsi Kazımlı ifadəsində Vətən müharibəsi zamanı oktyabrın 19-da Hadrutda iki güllə yarası aldığını bildirib. Zərərçəkmiş şəxs 2021-ci ilin mayın 12-də Azərbaycan-Ermənistan şərti sərhədində, Laçın rayonunda, Gorus-Sisyan istiqamətində ona küt alətlə xəsarət yetirildiyini deyib. Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş şəxs hadisə zamanı ərazidə Ermənistan silahlı qüvvələrinin və silahlı mülki şəxslərin sayının təxminən 400-500 nəfər olduğunu söyləyib. “Hadisə zamanı onlar bizi əhatəyə almışdılar. Orada güllə atılmayıb, söhbət aparılırdı. Qəfildən arxadan küt alətlə vurdular. Hadisə zamanı mənimlə birlikdə altı nəfər xəsarət aldı”, - deyə o bildirib.

Azad Axundov da özündən əvvəl ifadə vermiş Ş.Kazımlının dediklərinə oxşar ifadə verib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş şəxs 2021-ci il mayın 12-də Azərbaycan-Ermənistan şərti sərhədində silahın qundağı ilə vurulması nəticəsində xəsarət aldığını söyləyib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran Ranil Abdullayev ifadəsində Vətən müharibəsi zamanı, oktyabrın 21-də Suqovuşanda minaatan mərmisinin partlaması nəticəsində yaralandığını bildirib.

Zərərçəkmiş şəxs Elvin Kərimovun hüquqi varisi - Niyaz Kərimov ifadəsində qardaşının Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində şəhid olduğunu deyib.

Zərərçəkmiş şəxs İdris Mirzəyev 1994-cü ilin aprel ayında Tərtər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib. O, dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında bildirib ki, əsirlik zamanı Şuşa həbsxanasında, Ağdərədə, Xankəndidə saxlanılıb. Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olmuş Ağbulaq kəndində (Xocavənd rayonu – red.) müxtəlif tikinti işlərinə məcburi şəkildə cəlb olunub. Əsirlik zamanı döyülüb, işgəncələrə məruz qalıb, o cümlədən başında butulka sındırılıb. Aldığı xəsarətlər nəticəsində onurğa sütunu zədələnib, bu səbəbdən axsayır.

Həbib Əliyev 1992-ci ildə Laçında həqiqi hərbi xidmətdə olarkən, döyüşlər zamanı yaralanması nəticəsində əsir götürüldüyünü söyləyib. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş şəxs bildirib ki, yaralı vəziyyətdə döyülüb, işgəncələrə məruz qalıb. Əsir əsgər yoldaşı gözləri qarşısında yandırılıb. Həbib Əliyev əsirliyinin 1 il 8 ayını zirzəmidə saxlanılıb. 1995-ci il mayın 8-də əsirlikdən azad olunub.

Mahir Əbilov 2021-ci ilin noyabr ayında Laçın rayonunun Güləbird kəndində “Azərişıq” ASC-nin əməkdaşı qismində çalışarkən mina partlayışı nəticəsində xəsarət aldığını bildirib.

Diləfruz Ələkbərova ifadəsində 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunun İsmayılbəyli kəndini işğal etməsi nəticəsində ailə üzvləri ilə birlikdə məcburi köçkün düşdüyünü bildirib. Onların bütün mülkləri həmin vaxt işğal edilmiş ərazilərdə qalıb.

Tovuz Cəlilova ifadəsində həyat yoldaşı Bədirxan Cəlilovun 1994-cü il aprelin 17-də Ağdam rayonunun Güllücə kəndində döyüşlər zamanı itkin düşdüyünü bildirib.

Gülizar Salahova ifadəsində övladı Salahov Valeh Vaqif oğlunun 1994-cü il yanvarın 10-da Füzuli rayonunun Əbdürrəhmanlı kəndində döyüşlər zamanı itkin düşdüyünü söyləyib.

Rasim Bağırov ailə üzvləri ilə birlikdə Xankəndidən məcburi köçkün düşdüyünü deyib.

Ofeliya Almuradova ifadəsində Ermənistan silahlı qüvvələrinin Zəngilan rayonunu işğal etməsi nəticəsində 6 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə məcburi köçkün düşdüyünü bildirib. Qardaşı yaralanıb, əmisi oğlu itkin düşüb.

Zərərçəkmiş şəxs Cəfərov Emin Xeyrulla oğlunun hüquqi varisi Zümrüd Əbdülrəhimova ifadəsində qardaşının 1993-cü il dekabrın 26-da Füzuli rayonunda gedən döyüşlərdə şəhid olduğunu söyləyib.

Mahir Ağayev ifadəsində 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin açdığı artilleriya atəşi nəticəsində Füzuli rayonunda yaşadığı ikimərtəbəli evin dağıldığını, bir müddət sonra isə işğal səbəbindən məcburi köçkün düşdüyünü bildirib.

Gəncəli Kərimov 1992-ci ilin may ayında Laçın rayonunun Xanalılar kəndindən məcburi köçkün düşdüyünü bildirib. O deyib ki, Ermənistan silahlı qüvvələrinin hərbçiləri kənddə evləri talan edərək yandırıblar.

Sevinc Əsgərova 1993-cü ildə Zəngilan rayonunun Mincivan kəndindən məcburi köçkün düşdüklərini bildirib. O deyib ki, həmin vaxt Araz çayı vasitəsilə İrana keçiblər.

Tahir Nəcməddinov 2016-cı ildə Aprel döyüşləri zamanı, aprelin 3-də Ermənistan silahlı qüvvələrinin atdığı minaatan mərmisinin partlaması nəticəsində xəsarətlər aldığını bildirib.

Həbib İmanlı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə, Xocalı soyqırımı zamanı atasının və babasının həlak olduğunu bildirib.

Sevindik Əliyev ifadəsində deyib ki, yaşadığı Füzuli rayonunun Aybasanlı kəndinin 1993-cü il mayın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən top atəşinə tutulması nəticəsində anası Sitarə Əliyeva həlak olub. Bir müddət sonra isə məcburi köçkün düşüb.

Zərərçəkmiş şəxslər - Firudin Yaqubov, Rasim Şükürov. Mübariz Zülfüqarov. Eldar Əsgərov, Azər Sadıqov, Əhməd Əhmədov, İradə Məmmədova, Rövşən Niftalızadə, Qəzənfər Abbaszadə və Şahsuvar Abbasov ifadələrində Ermənistan silahlı qüvvələrinin müxtəlif tarixlərdə təxribatları, hücumları nəticəsində zərər çəkdiklərini bildiriblər.

Zərərçəkmişlər, həmçinin təqsirləndirilən şəxslərin, o cümlədən Levon Mnatsakanyanın, David Manukyanın, David Babayanın, Davit İşxanyanın, təqsirləndirilənlərin müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.

Məhkəmə prosesi avqustun 11-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

 












Избранный
133
49
avtosfer.az

10Источники