RU

Tarixi görüşə sayılı dəqiqələr qalır VİDEO

Bakı, 8 avqust, AZƏRTAC

Dünyanın diqqəti Azərbaycan və ABŞ-ın strateji tərəfdaşlığının yeni mərhələsinə yönəlib.

AZƏRTAC xəbər verir ki, bütün dünyanın diqqəti Azərbaycan və ABŞ-ın strateji tərəfdaşlığının yeni mərhələsinə yönəlib. ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüş keçirəcək. Görüşün sonunda iki lider arasında mühüm sənədin imzalanması planlaşdırılır. Bundan sonra Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin keçiriləcək üçtərəfli görüşü isə regional siyasətdə dönüş nöqtəsi kimi tarixə düşəcək. İkitərəfli münasibətlərin inkişafı, regional təhlükəsizlik və sülh gündəliyinin əsas istiqamətləri masa arxasında müzakirə olunacaq. Diqqət, həmçinin imzalanması gözlənilən mühüm sənədlərə yönəlib.

Politoloq Züriyə Qarayeva bildirib ki, Azərbaycanın haqlı maraqlarının qəbul olunmasından söhbət gedirsə, qarşı tərəf mütləq şəkildə Konstitusiyada dəyişiklik edəcəyini qəbul etməlidir.

“ATƏT-in Minsk formatından imtina ilə bağlı qarşı tərəfin verdiyi real bəyanatların və bundan sonra atılacaq praktiki addımların şahidi olacağıq. Sülh müqaviləsi birmənalı şəkildə imzalanmasa da, onun paraflanmasını görəcəyik. Çünki sülh sazişinin imzalanması üçün Azərbaycanın əsas fundamental şərti Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Bu dəyişiklik hələ reallaşmadığı üçün bu gün üçün yekun sülh sazişindən danışa bilmərik. Amma istənilən halda problemlərin böyük bir qismi hazırkı görüşün nəticələri ilə geridə qalacaq. Bu görüşü Azərbaycan diplomatiyasının növbəti qələbəsi kimi qiymətləndirəcəyik”, -deyə qeyd edib.

Müzakirələrin mühüm istiqamətlərindən biri də regionda yeni nəqliyyat və iqtisadi əlaqələrin qurulmasıdır. Bu baxımdan Zəngəzur dəhlizi təkcə strateji kommunikasiya xətti deyil, həm də bölgənin gələcəyi üçün böyük iqtisadi potensiala malik layihə kimi qiymətləndirilir.

Siyasi ekspert Yeganə Hacıyeva bildirib ki, Zəngəzur dəhlizi hər şeydən kənar, həm də bir iqtisadi sərmayədir.

“Bu, region ölkələrinin gələcəyinə qoyulan mühüm sərmayədir və Azərbaycanla Ermənistan arasında sülhü daha dayanıqlı etməyə xidmət edəcək. Azərbaycanın israrı da bununla bağlıdır. Aydın məsələdir ki, sülhün daha sabit olması yalnız hüquqi maneələr aradan qaldırıldıqdan sonra mümkündür. Nəzərə alsaq ki, bu gün Ermənistanın Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı hüquqi maneələr mövcuddur, bu maneələrin aradan qaldırılması üçün Ermənistan ciddi addımlar atmalıdır”, - deyə bildirib.

Vaşinqtondakı tarixi görüşün nəticələri regionun gələcək siyasi və iqtisadi mənzərəsini formalaşdıracaq. Strateji tərəfdaşlıq, sülh prosesinin irəliləməsi və yeni kommunikasiya xətlərinin açılması bölgədə dayanıqlı sabitliyin və inkişafın bünövrəsini möhkəmləndirir.

Избранный
16
1
azertag.az

2Источники