RU

Amerikalı tədqiqatçı: 907-ci düzəliş Azərbaycana qarşı açıq ayrı-seçkilik nümayiş etdirib  

Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) təcrübə proqramına qoşulan ABŞ-lı tədqiqatçı Lilan Spriqz (Lelin Spriggs) Azərbaycanla bağlı bir sıra mühüm mövzularda, o cümlədən ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişi ilə bağlı ətraflı tədqiqat aparıb.

BAMF-dan AZƏRTAC-a bildirilib ki, o, bu haqda yazdığı məqalədə düzəlişin Azərbaycanın maraqlarına və regiondakı sülh prosesinə mənfi təsirlərini diqqət mərkəzinə çəkib.

Tədqiqatda vurğulanır ki, 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunan 907-ci düzəliş Azərbaycana qarşı açıq ayrı-seçkilik nümayiş etdirib və onu “Azadlığa Dəstək Aktı” çərçivəsində yardımlardan məhrum edən yeganə postsovet dövləti edib. L.Spriqz qeyd edir ki, bu qərar Birləşmiş Ştatların münaqişə tərəflərinə neytral münasibət göstərmək öhdəliyinə ziddir və ABŞ-ın vasitəçilik rolunu ciddi şəkildə şübhə altına alır.

Məqalədə xüsusilə Qarabağ münaqişəsinin tarixi, Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası və Ermənistan tərəfindən aparılan etnik təmizləmə siyasəti diqqət mərkəzinə çəkilib. Müəllif qeyd edir ki, 907-ci bənd təkcə Azərbaycanın hüquqlarını pozmayıb, həm də Ermənistanın maraqlarına birtərəfli üstünlük verərək, sülh imkanlarını daraldıb.

Lilan Spriqz, eyni zamanda, ABŞ-da fəaliyyət göstərən erməni lobbi qruplarının bu qərarın qəbuluna təsirini vurğulayaraq bildirir ki, Azərbaycan icmasının həmin dövrdə zəif təmsil olunması ölkənin mövqeyini beynəlxalq arenada daha da çətinləşdirib.

Araşdırmada ABŞ-ın 907-ci düzəlişə yenidən baxmasının vacibliyi qeyd olunur. Müəllif hesab edir ki, bu addım iki ölkə arasında münasibətlərin inkişafına və regionda davamlı sülhə töhfə verə bilər.

Qeyd edək ki, Lilan Spriqz araşdırmaçı, beynəlxalq hüquq və münasibətlər üzrə mütəxəssisidir. O, hazırda Vaşinqtonda yerləşən bir neçə analitik mərkəz və akademik qurumlarla əməkdaşlıq edir. 2025-ci ilin iyul ayından etibarən tədqiqatçı BAMF-dakı təcrübə proqramı çərçivəsində, həmçinin “BMT-nin Qarabağla bağlı 4 qətnaməsi”, “Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti” və “Azərbaycanın mina problemi: onun miqyası və təhdidlər” kimi mövzularda araşdırmalar apararaq bir sıra analitik materiallar hazırlayıb. Onun tədqiqatlarında regionun geosiyasi reallıqları, tarixi kontekst və beynəlxalq hüququn rolu xüsusi yer tutur.

Избранный
24
1
azerbaijan-news.az

2Источники