RU

Yohan Vadeful: Almaniya Ermənistanı və Azərbaycanı dayanıqlı sülh yolunda dəstəkləməkdə davam edəcək

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Berlin, 9 avqust, AZƏRTAC

“Ermənistan və Azərbaycan bu gün tarixlərində yeni bir səhifə açır. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda hər iki dövlətin sülh sazişini paraflaması, uzun illər münaqişə, əzablarla üzləşmiş bir çox insan üçün ümid mənbəyidir. Ermənistanın Baş naziri Nikol Paşinyanı və Azərbaycan Prezidenti İlham Əliyevi seçdikləri sülh yolu və dinc gələcək istiqamətində verdikləri qərara görə təbrik edirəm”.

AZƏRTAC xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Vaşinqton görüşü ilə bağlı bəyanatında qeyd edib.

Vurğulanıb ki, hər iki ölkə mürəkkəb məsələləri danışıqlar yolu ilə həll etməyə və çətin kompromislərə getməyə hazır olduğunu göstərdi. Bu baxımdan Azərbaycanın ərazisinin əsas hissəsindən Naxçıvana Ermənistandan tranzitlə bağlı əldə edilən irəliləyişlərin, ABŞ-ın məsuliyyəti üzərinə götürməsinin, eləcə də ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı razılığın əldə olunmasının önəmi xüsusi vurğulanıb.

Qeyd olunub ki, onilliklər davam edən münaqişədən sonra Ermənistan və Azərbaycanda insanlar dayanıqlı sülhə can atırlar. Almaniya bu yolu tərəfdaşları ilə birgə uzun müddətdir yaxından izləyir, yüksəksəviyyəli müntəzəm təmaslar və ötən il Berlində keçirilmiş sülh danışıqları ilə bu prosesi dəstəkləyib.

Bəyanatda qeyd olunub ki, son illər hər iki ölkə arasında etimad quruculuğu tədbirləri təşviq edilib: “İndi əsas məsələ ondan ibarətdir ki, sülh sazişi hər iki hökumət tərəfindən mümkün qədər tez imzalanıb ratifikasiya edilsin. Almaniya Ermənistan və Azərbaycanı dayanıqlı sülh yolunda dəstəkləməyə davam edəcək”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
46
5
azertag.az

10Источники