RU

Suriya SDQ ilə danışıqlar aparmayacaq

BAKI, TurkicWorld, Səməd Əyyubov

Suriya hökuməti Parisdə Kürd qüvvələrinin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) ilə keçirilməsi nəzərdə tutulan danışıqlarda iştirak etməyəcəyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, rəsmi Dəməşq mart ayında əldə olunmuş birlik razılaşmasının SDQ tərəfindən pozulduğunu bildirərək, bu iddiasına əsas kimi ötən cümə günü ölkənin şimal-şərqindəki Həsəkə şəhərində keçirilən konfransı göstərib.

Muxtar idarəetmə tərəfindən “Vahid Mövqe” adı ilə təşkil olunan tədbirdə mərkəzləşdirilməmiş dövlət sistemi yaradılması və etnik, dini, mədəni müxtəlifliyi təmin edən konstitusiyanın qəbul olunması tələbi irəli sürülüb.

Konfransın yekun bəyanatında Suriyanın ərazi bütövlüyünə sadiqlik vurğulansa da, Dəməşq bunu “Suriya məsələsini beynəlmiləlləşdirmək, xarici müdaxiləyə zəmin yaratmaq və sanksiyaların yenidən tətbiqinə şərait yaratmaq cəhdi” kimi dəyərləndirib.

Hökumət şənbə günü yaydığı bəyanatda 2024-cü ilin sonunda devrilmiş əvvəlki siyasi rejimi hər hansı formada bərpa etməyə çalışan tərəflərlə dialoq aparmayacağını bəyan edib. SDQ isə dövlətə qarşı düşmənçilikdə və separatçı fəaliyyətdə ittiham olunan şəxsləri konfransa dəvət etməkdə günahlandırılıb. Bu addım 10 mart razılaşmasının açıq şəkildə pozulması kimi qiymətləndirilib və nəticələrinə görə tam məsuliyyət SDQ-nin üzərinə qoyulub.

Избранный
17
turkic.world

1Источники