Vaşinqtonda keçirilən tarixi görüş və imzalanan sənədlər Cənubi Qafqazın gələcəyində dönüş nöqtəsi oldu.
Bunu “Report”a açıqlamasında Milli Məclisin üzvü Azər Kərimli deyib.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli liderliyi nəticəsində Azərbaycan təkcə ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmədi, həm də regionda uzun illər davam edən münaqişəyə son qoyaraq yeni sülh gündəliyini gerçəkləşdirdi:
“Sülhün ən böyük mənası, hər şeydən əvvəl, insan həyatının qorunmasıdır. Azərbaycan üçün bu, onlarla, yüzlərlə gəncin həyatının xilas edilməsi, ailələrin yeni acılar yaşamaması, müharibənin gətirdiyi dağıntı və faciələrin qarşısının alınması deməkdir”.
Müsahib diqqətə çatdırıb ki, Vaşinqtonda atılan addımlar yalnız diplomatik sənədlərlə məhdudlaşmır, həm də minlərlə ailəyə ümid və gələcək bəxş edir:
“Son illərdə regionu yenidən müharibələrə sürükləmək istəyən daxili və xarici qüvvələr az olmayıb. Bu qüvvələr müxtəlif siyasi, ideoloji və geosiyasi motivlərlə Cənubi Qafqazda qarşıdurmaların davam etməsini istəyirdilər. Lakin Prezident İlham Əliyev 2020-ci ildə əldə olunan tarixi qələbəni möhkəmləndirərək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etdi və bununla bərabər, münaqişədən sonrakı dövrün əsas strateji hədəfi olan davamlı sülhün qurulmasına nail oldu”.
A.Kərimlinin sözlərinə görə, regiondakı bəzi ölkələr, xüsusilə İran, sülh prosesinə real dəstək göstərmək əvəzinə, bəzən açıq, bəzən də dolayı yolla gərginliyi körükləyən bəyanatlar yayıb və addımlar atıb:
“Azərbaycanın suveren qərarlarına hörmət əvəzinə, üçüncü tərəflərin daxili işlərimizə qarışması, regionda sabitliyə xidmət etmir. İstənilən ölkə, əgər həqiqətən sülhün tərəfdarıdırsa, qonşuların ərazi bütövlüyünə hörmətlə yanaşmalı, qarşıdurma ritorikasından imtina etməlidir. İranın bu istiqamətdə atacağı səmimi addımlar həm region, həm də ikitərəfli münasibətlər üçün faydalı olardı.
Bizə hörmət edən bütün dövlətlərə hörmətlə yanaşırıq. Lakin kimsə bizimlə təzyiq dili ilə danışmağa çalışarsa, cavabımız dərhal və sərt olacaq.
Sülhün əldə olunması yalnız hərbi əməliyyatların dayandırılması deyil, eyni zamanda, yeni iqtisadi imkanların, nəqliyyat-kommunikasiya layihələrinin və regional əməkdaşlıq formatlarının açılması deməkdir”.
Həmsöhbətimiz onu da bildirib ki, bu proses region ölkələri arasında qarşılıqlı etimadı gücləndirir, beynəlxalq sərmayələr üçün təhlükəsiz mühit yaradır və Cənubi Qafqazı geoiqtisadi əməkdaşlığın mərkəzinə çevirir:
“Prezident İlham Əliyev həm müharibə dövründə, həm də sülh prosesində nümayiş etdirdiyi liderliklə tarixi məsuliyyətin öhdəsindən uğurla gəldi. O, diplomatiya və siyasi iradəni birləşdirərək həm Azərbaycan xalqının, həm də regionun taleyinə təsir edən fundamental qərarlar qəbul etdi.
Bu gün Azərbaycan artıq yalnız öz təhlükəsizliyini təmin edən bir dövlət deyil, həm də regionun sülh və sabitlik qarantı kimi çıxış edir. Vaşinqton səfərinin nəticələri göstərdi ki, düzgün strategiya və milli maraqların qətiyyətlə müdafiəsi sayəsində hətta ən mürəkkəb münaqişələr də ədalətli və davamlı həllini tapa bilər”.