RU

Silahları susduran tarixi missiya: necə nail olduq? - TƏHLİL

Qalibiyyətlə açılan yeni səhifə

“Azərbaycan öz torpaqlarını silah gücü ilə aldı, diplomatiyanın gücü ilə möhkəmləndirdi”.

2020-ci ilin payızında başa çatan 44 günlük Vətən müharibəsi təkcə hərbi zəfər deyildi. Bu, 30 illik işğalın sonu, Azərbaycan xalqı üçün yeni və şərəfli bir tarixin başlanğıcı idi. Müharibə nəticəsində işğal altında olan Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı döyüşlə, Ağdam, Kəlbəcər, Laçın isə bir güllə atılmadan geri alındı.

Ən mühüm məqam isə Prezident İlham Əliyevin hərbi güc və diplomatiyanı paralel işlədən unikal strategiyası idi. Bu, həm itkilərin minimuma endirilməsi, həm də qalibiyyətin siyasi müstəvidə möhkəmləndirilməsi demək idi.

Humanizm - Qalibin ən böyük gücü

“İgid basdığını kəsməz - bu, qalibin böyüklüyüdür”.

Müharibədən sonra Qarabağı könüllü tərk edən ermənilərə qarşı dövlətin mövqeyi aydın idi: mülki əhalinin təhlükəsizliyi tam təmin olunacaq. Belə də oldu. Yola çıxanlara hücum edilmədi, qisas aksiyaları həyata keçirilmədi, nifrət şüarları səsləndirilmədi. Əksinə, onlara ərzaq, içməli su və tibbi yardım göstərildi. Hətta Azərbaycanı tərk edərkən barbarcasına evləri, mülkləri, tarlaları, ağacları yandıran, məhv edən ermənilərə qarşı da hər hansı zorakılıq tətbiq edilmədi.

Bu, təkcə beynəlxalq hüquqa sadiqlik deyil, həm də Azərbaycan xalqının yüzilliklər boyu formalaşan humanizm ənənələrinin təzahürü idi. Dünyada nadir hallarda qalib dövlət məğlub tərəfə bu qədər loyal, anlayışlı və insani rəftar sərgiləyir.

Keçmişin qara səhifələri - ağrılı yaddaş

“Xocalıda təkcə insanlar deyil, bütöv bir şəhər qətlə yetirildi, yer üzündən silindi”.

Qarabağ deyərkən istər-istəməz 1988-1994-cü illərdə baş verən faciələr xatırlanır:

• 1988-1990 - Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz dədə-baba yurdundan qovuldu, yüzlərlə kənd yandırıldı, evlər, mülklər yağmalandı, xarabazara çevrildi.

• 1992, 26 fevral - Xocalı soyqırımı: 613 nəfər qətlə yetirildi, 106 qadın, 63 uşaq, 70 ahıl insan öldürüldü. 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, onlarla qadın və qız zorlandı. Onlardan sağ qalanlar hələ də əsir və qul kimi Ermənistanda saxlanılır.

• Minlərlə əsir və girov illərlə Ermənistanda işgəncəyə məruz qaldı, qul kimi işlədildi.

Qarabağətrafı 7 rayonumuz işğal olundu. Öldürülən öldürüldü, qovulan qovuldu, yurdlarımızda daş daş üstə qalmadı... Ən yeni tariximizin bu dəhşətləri ilə müqayisədə 2023-cü ildə Qarabağı könüllü tərk edən ermənilərin təhlükəsiz şəkildə yola salınması, hətta ərzaq və logistika təminatının verilməsi Azərbaycanın mədəniyyət və böyüklük nümunəsi kimi tarixə düşdü. Dünyaya daha bir master-klass göstərdik...

Qələbədən Sülhə tarixi keçid

“Əsl qələbə düşməni məğlub etdikdən sonra bölgəyə davamlı sülh gətirməkdir”.

Müharibədə əldə edilən qələbə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə yekunlaşdı. Amma İlham Əliyev bununla kifayətlənmədi - bölgəyə dayanıqlı sülh gətirmək məqsədilə diplomatik mübarizəni davam etdirdi...

Sülh - minlərlə gəncin həyatının xilas edilməsi, yeni şəhidlərin, itkilərin olmaması, uşaqların dinc və təhlükəsiz şəraitdə, travmasız böyüməsi deməkdir. Bu, həm də Cənubi Qafqazın iqtisadi inteqrasiyası, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin tanınması, sabitlik və rahatlıq deməkdir.

Anti-Azərbaycan dairələrin planları necə iflasa uğradı

“Regionu yenidən alova bürümək istəyənlər bu dəfə məqsədlərinə çata bilmədilər”.

Son illərdə bölgədə vəziyyəti yenidən gərginləşdirmək, xaos yaratmaq, düşmənçiliyi kürəkləmək istəyən xarici dairələr az olmayıb. Bəziləri Ermənistanı yenidən silahlandırmaq, bəziləri isə separatizmi diriltmək üçün müxtəlif - açıq və gizli - siyasi və maliyyə dəstəyi göstəriblər.

Lakin İlham Əliyev həm hərbi qətiyyət, həm də diplomatik bacarıqla bu planların qarşısını ala bildi. Ermənistanı revanşizm xəyalından uzaqlaşdırdı, separatizmi tamamilə sıradan çıxardı və regionu yeni qarşıdurmalardan xilas etdi.

Vaşinqton səfəri - Sülhün qlobal təsdiqi

"Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü..."

İki gün öncə baş tutan Vaşinqton səfəri Azərbaycanın sülh xəttinin beynəlxalq miqyasda qəbulunun rəsmiləşdirilməsi oldu. Görüşlər zamanı Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bir daha vurğulandı.

Burada aparılan danışıqlar göstərdi ki, artıq Azərbaycan təzyiq obyekti deyil, regionun əsas güc mərkəzi kimi qəbul edilir. Bu, həm ölkəmizi, həm də bölgəni yeni müharibələrdən qoruyan qlobal əhəmiyyətli diplomatik qələbədir.

Tarixi missiyanın müəllifi - İlham Əliyev

"Sözümüz imzamızdır".

Gözümüzün önündə baş verən, böyük maraqla izlədiyimiz, şahidlik etdiyimiz bu dönəm illər sonra tarixçilərin qələmi ilə yəqin ki, belə xülasə ediləcək:

“Azərbaycan öz torpaqlarını silah gücü ilə aldı, diplomatiyanın gücü ilə möhkəmləndirdi.”

Prezident İlham Əliyev sübut etdi ki, qalibiyyət yalnız səngərdə, cəbhədə qazanılan döyüşlə ölçülmür. Əsl qalibiyyət - müharibəni qazanıb, sülhü təmin etməkdir. İlham Əliyev bu təminatı şərəflə, ləyaqətlə Azərbaycana bəxş etdi...

Tanrı Azərbaycanı qorusun!

Избранный
50
1
teleqraf.com

2Источники