RU

Biznesdə güclü qadınlar: Məhkumluq həyatından liderliyə doğru - FOTOLAR

İkinci şans hər kəsin haqqıdır. Məhkumluq həyatı yaşamış qadınların cəmiyyətə reinteqrasiyası məqsədilə həyata keçirilən “Biznesdə Güclü Qadınlar” adlı təlimlər bu missiyanın real nümunəsidir.

"Cebheinfo.az" xəbər verir ki, layihə “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Cəzaçəkmə müəssisələrində kütləvi mədəni tədbirlərin təşkili” adlı qrant layihəsi çərçivəsində gerçəkləşdirilir.

Layihənin növbəti mərhələsində maliyyə üzrə mütəxəssis Rəfan Cəfərli tərəfindən keçirilən təlimdə qadınlara biznes quruculuğunda şəxsi maliyyə planlaşdırmasının əhəmiyyəti barədə geniş məlumat verildi. Təlimdə xərclərin optimallaşdırılması, risklərin idarə olunması, kapitalın bölüşdürülməsi kimi mövzular nəzəri biliklər və real praktik nümunələr əsasında izah olundu. İştirakçılar həmçinin interaktiv müzakirələr və praktiki tapşırıqlar vasitəsilə gələcək biznes layihələrini strateji və dayanıqlı şəkildə planlama bacarıqlarını inkişaf etdirdilər.

Təlimlər təkcə sahibkarlıq sahəsində bilik qazandırmaqla kifayətlənmədi. Sessiyalar zamanı qadınların liderlik yolunda atmalı olduğu sosial və şəxsi inkişaf addımları da müzakirə olundu. İştirakçılar özlərinə inam, qərarvermə qabiliyyəti və sosial dəstək şəbəkəsi formalaşdırmaq istiqamətində motivasiya qazandılar.

Bu kimi sosialyönlü təşəbbüslər bir daha sübut edir ki, dəstək düzgün ünvanlandıqda, cəmiyyətin ən həssas təbəqələri belə iqtisadi, sosial və emosional baxımdan güclənə bilər. Çünki güclü qadın – güclü cəmiyyətin təməlidir.

"Cebheinfo.az"

Избранный
13
3
cebheinfo.az

4Источники