RU

Almaniya hökumətinin İsrailə silah satışını dayandırması ölkədə ciddi müzakirələrə səbəb olub

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Berlin, 11 avqust, AZƏRTAC

Almaniya Kansleri Fridrix Mertsin İsrailə silah satışını müvəqqəti olaraq dayandırması qərarı ölkədə ciddi müzakirələr yaradıb.

AZƏRTAC xəbər verir ki, hökumətin bu mövqeyi koalisiya daxilində də bir sıra fikir ayrılığına da səbəb olub. Belə ki, hakim Sosial Demokratlar Partiyası (SPD) bu qərarı dəstəklədiyi halda, Xristian Demokratlar Partiyasının (CDU) ən yaxın müttəfiqi Xristian Sosialistlər İttifaqı (CSU) bu mövqeni tənqid edib.

Qeyd edək ki, Almaniya Kansleri Fridrix Merts Qəzza bölgəsində istifadə edilə biləcək heç bir silah-sursatın ikinci qəraradək İsrailə göndərilməyəcəyini açıqlayıb və bunun İsrailin bölgədəki hərbi əməliyyatları genişləndirmək istəyi ilə bağlı olduğunu bildirmişdi.

SPD-nin həmsədri və vitse-kansler Lars Klinqbayl da açıqlamalarının birində İsrailə silah satışının dayandırılması qərarını müdafiə edib.

Bu partiyanın digər həmsədri Berbel Bas isə Kabsler Fridrix Mertsin İsraili fəal müdafiə etdiyini bildirərək, federal hökumətin İsrail Dövlətinin qorunmasının vacibliyini tam anladığını vurğulayaraq deyib: “Lakin buna baxmayaraq, biz elə bir vəziyyətdəyik ki, Qəzza zolağındakı insanları da unutmaq olmaz”.

Kanslerin bu qərarı Xristian bloku içərisində kəskin etiraza səbəb olub. Bəzi siyasətçilər bu qərarı riskli kurs dəyişikliyi kimi qiymətləndirib, Kansleri bu barədə müzakirə aparmadan qərar qəbul etdiyini bildiriblər. CDU-nun ən yaxın müttəfiqi CSU-nun nüfuzlu funksionerlərindən olan Aleksander Hofman qərarın İsrailə qarşı on illərdir izlənilən siyasətə uyğun olmadığını, ən azı açıqlanmaya ehtiyac duyulan məsələ olduğunu qeyd edib. O, məsələnin koalisiya hökuməti çərçivəsində müzakirə ediləcəyini diqqətə çatdırıb.

İfrat sağçı Almaniya üçün Alternativ Partiyası (AfD) isə hökumətin bu mövqeyini müdafiə edib. Partiyanın həmsədri Toni Xrupalla hökumətin İsrailə silah tədarükünü qismən dayandırmasına münasibət bildirib. O, partiyasının böhran və münaqişə bölgələrinə silah tədarükünə daim qarşı çıxdığını, bu mövqeni dəstəklədiklərini ifadə edib. Lakin o, İsrailin Almaniya üçün tərəfdaş və dost ölkə kimi qalmaqda davam etdiyini, buna baxmayaraq, Qəzza bölgəsində yaşananlarla əlaqədar İsrailə təzyiqin artırılmalı olduğunu bildirib.

Kansler Ofisinin rəhbəri Torsten Fray bu qərarın hökumətin İsraillə bağlı siyasətində mövqe dəyişikliyinin göstəricisi olmadığını açıqlayaraq deyib: “Almaniyanın İsrail siyasətinin əsas kursunda dəyişiklik olmayacağı məsələsində hər hansı şübhəyə yer yoxdur”. O, Almaniyanın İsrailin təhlükəsizliyini qorumaq üçün lazım olan dəstəyi daim göstərəcəyini bildirib, hökumətin silah satışını dayandırmasını Qəzza bölgəsində yaşanan humanitar vəziyyətlə bağlı olduğunu ifadə edib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
2
azertag.az

3Источники