Türkiyənin STM və “Roketsan” şirkətləri tərəfindən birlikdə hazırlanan yeni ALPAGUT süzən sursatının sınaqları davam etdirilir.
“Poliqon” STM-ə istinadən xəbər verir ki, keçirilən növbəti sınaq zamanı “Akıncı” pilotsuz uçuş aparatına (PUA) inteqrasiya edilən ALPAGUT dəniz üzərindəki hədəfə buraxılıb.
Havada müəyyən müddət dövrə vuraraq hədəfi aşkarlayan və dəyərləndirən ALPAGUT, daha sonra dalış edərək testi uğurla yerinə yetirib. Daha əvvəl quru platformasından buraxılma sınaqlarında hədəfi tam dəqiqliklə vurmuş ALPAGUT, aviasiya vasitəsindən təhlükəsiz ayrılma, qanad açma, naviqasiya və optik idarəetmə sınaqlarını da uğurla tamamlayıb.
““Roketsan” ilə əməkdaşlıq çərçivəsində hazırladığımız, milli mühəndislik nümunəmiz olan ALPAGUT ağıllı süzən sursat sistemi, quru sınaqlarından sonra hava platformasından həyata keçirilən sınaq uçuşunu da uğurla geridə qoydu. 60 kilometr əməliyyat radiusu, 60 dəqiqədən çox havada qalma müddəti və gecə-gündüz əməliyyat qabiliyyəti ilə ALPAGUT, hərəkətli və ya sabit quru, dəniz hədəflərinə qarşı effektiv güc olacaq. STM və “Roketsan”dakı bütün əməkdaşlarımızı təbrik edirəm”, – deyə STM-in baş direktoru Özgür Güleryüz bildirib.
Müxtəlif coğrafiyalarda baş verən müharibə və toqquşmalar səbəbindən ağıllı süzən sursat sistemlərinin (loitering munition) effektivliyi və əhəmiyyəti son dövrlərdə getdikcə artmaqdadır. STM və “Roketsan” sahədən gələn bu ehtiyaclara yeni və effektiv həll yolu təqdim etmək məqsədilə ALPAGUT-u birgə inkişaf etdirmək üzərində çalışırlar.
Gecə və gündüz əməliyyatlar apara bilən ALPAGUT, hərəkətli və ya sabit quru və dəniz hədəflərinə, radar və rabitə sistemlərinə, yüngül zirehli quru və ya dəniz nəqliyyat vasitələrinə, komanda mərkəzi kimi kritik obyektlərə, canlı qüvvə və digər hədəflərə qarşı təsirli bir güc yaradacaq. 60 kilometr əməliyyat radiusu, 60 dəqiqədən çox havada qalma müddəti və müxtəlif növ döyüş başlıqları daşıyacaq ALPAGUT, tək və sürü konseptinə uyğun şəkildə istifadə edilə biləcək.
Sistem iş prinsipi olaraq atıldıqdan və ya buraxıldıqdan sonra havada müəyyən müddət dövrə vuraraq hədəf aşkarlanması, izlənməsi və dəyərləndirilməsi proseslərini həyata keçirəcək və yerindən göndərilən istifadəçi təsdiqi ilə avtonom şəkildə müəyyən edilmiş hədəfə şığıyaraq onu məhv edəcək.
ALPAGUT, iki rejimli axtarıcı başlığı sayəsində hədəfi fərq edilmədən aşkar və təsdiq edə bilir, mövqe qarışdırıcı sistemlərin təsirinə məruz qalmır və dəqiq idarəetmə-təqib təşviq sistemi ilə hədəfə nöqtə atışı edə bilir. Sistem bütün bu xüsusiyyətlərə əlavə olaraq “at və unut” funksiyası ilə istifadəçisinə mühüm üstünlüklər təqdim edir.
Süzən sursat həmçinin insanlı və insansız quru/hava/dəniz vasitələrinə sürətli inteqrasiya olunma xüsusiyyəti ilə seçilir. İnkişaf etdiriləcək sistem, yerli pilotsuz uçuş aparatları ilə inteqrasiya olunaraq mobil hava hücumundan müdafiə sistemlərinə, strateji əhəmiyyətli obyektlərə və asimmetrik hədəflərə sürətli cavab verə biləcək. Eyni zamanda, GPS siqnallarının qarışdırıldığı mühitlərdə görüntü dəstəkləyən sensor məlumatları sayəsində təkmilləşdirilmiş naviqasiya imkanlarına malik olacaq və beləliklə döyüş meydanında vacib bir oyun dəyişdirici rol oynayacaq.