8 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar.
Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və
dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında
SAZİŞ
Azərbaycan Respublikası və Ermənistan Respublikası (bundan sonra Tərəflər),
Bölgədə ədalətli, hərtərəfli və davamlı sülhün təsis edilməsinə təcili zərurəti
anlayaraq,
Bu məqsədə dövlətlərarası münasibətlərin təsis edilməsi yolu ilə töhfə verməyi
arzulayaraq,
BMT Nizamnaməsini, BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında
dostluq münasibətləri və əməkdaşlıq ilə bağlı beynəlxalq hüququn prinsipləri
haqqında Bəyannaməni (1970), Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Konfransının Helsinki Yekun Aktını (1975) və 21 dekabr 1991-ci il tarixli Almatı
Bəyannaməsini rəhbər tutaraq, və orada əks olunmuş norma və prinsiplər
əsasında əlaqələri inkişaf etdirmək məqsədi güdərək,
Öz aralarında mehriban qonşuluq münasibətləri təsis etməklə bağlı qarşılıqlı
iradəni ifadə edərək,
Aşağıdakılar əsasında öz aralarında sülh və dövlətlərarası münasibətləri təsis
etmək barədə razılığa gəlirlər:
Maddə I
Tərəflər, keçmiş SSRİ-nin Sovet Sosialist Respublikaları arasında sərhədlərin
müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq
birlik tərəfindən bu şəkildə tanındığını təsdiq edərək, bir-birinin suverenliyini, ərazi
bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini
tanıyır və hörmət edirlər;
Maddə II
Tərəflər, I Maddəyə tam riayət etməklə, bir-birinə qarşı hər hansı ərazi iddialarının
olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edirlər;
Tərəflər digər tərəfin ərazi bütövlüyü və ya siyasi birliyini tamamilə və ya qismən
parçalamağa yönəlmiş hər hansı bir hərəkətə, o cümlədən belə hərəkətlərin
planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə və dəstəklənməsinə yol
verməyəcəklər.
1Maddə III
Tərəflər bir-biri ilə qarşılıqlı münasibətlərdə ərazi bütövlüyü və ya siyasi
müstəqilliyə qarşı və ya BMT Nizamnaməsinə zidd olan hər hansı bir digər
formada, güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən
çəkinəcəklər. Onlar öz müvafiq ərazilərindən hər hansı üçüncü tərəfin digər Tərəfə
qarşı BMT Nizamnaməsinə zidd olaraq güc tədbiq etmək üçün istifadə edilməsinə
imkan verməyəcəklər.
Maddə IV
Tərəflər bir-birinin daxili işlərinə müdaxilədən çəkinəcəklər.
Maddə V
Tərəflər, bu Sazişin ratifikasiya olunması sənədlərinin hər iki tərəfdən mübadilə
edilməsindən sonra ______ gün ərzində öz aralarında Diplomatik və Konsulluq
münasibətləri haqqında Konvensiyaların (müvafiq olaraq, 1961 və 1963-ci illərin)
müddəalarına uyğun olaraq, öz aralarında diplomatik münasibətləri quracaqlar.
Maddə VI
Tərəflər, hazırkı Sazişin I Maddəsindən irəli gələn öhdəliklərinə tam uyğun olaraq,
onlar arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında Sazişin
bağlanması məqsədilə müvafiq sərhəd komissiyaları arasında bu Komissiyaların
razılaşdırılmış əsasnamələri əsasında vicdanla danışıqlar aparacaqlar.
Maddə VII
Tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini
yerləşdirməyəcəklər. Tərəflər, qarşılıqlı sərhədin delimitasiyası və sonrakı
demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və
sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı
razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər.
Maddə VIII
Tərəflər dözümsüzlük, irqi nifrət və ayrıseçkilik, separatizm, zorakı ekstremizm və
terrorizmin bütün təzahürlərini pisləyirlər və özlərinin müvafiq yurisdiksiyaları
çərçivəsində bu hallarla mübarizə aparacaqlar və özlərinin bununla bağlı müvafiq
beynəlxalq öhdəliklərinə əməl edəcəklər.
2Maddə IX
Tərəflər, onların hər ikisinin də cəlb olunduğu hərbi münaqişədə baş vermis itkin
düşmüş şəxslər və məcburi yoxaçıxma ilə bağlı halların həlli üçün birbaşa və ya
müvafiq olduğu təqdirdə, aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə,
həmin şəxslər haqqında bütün mövcud məlumatların mübadiləsi də daxil olmaqla,
tədbirlər görəcəklər. Tərəflər, bu çərçivədə, sözügedən şəxslərin taleyinə aydınlıq
gətirilməsinin, o cümlədən, müvafiq olduğu təqdirdə, onların qalıqlarının
axtarılması və geri qaytarılmasının, zəruri istintaq tədbirləri yolu ilə həmin şəxslərə
münasibətdə ədalətin təmin edilməsinin barışıq və etimadın qurulması vasitəsi
kimi əhəmiyyətini qəbul edirlər. Bununla əlaqəli müvafiq modallıqlar müzakirə
ediləcək və ayrıca sazişdə təfərrüatlı şəkildə razılaşdırılacaqdır.
Maddə X
Tərəflər, iqtisadiyyat, tranzit və nəqliyyat, ətraf mühit, humanitar və mədəniyyət
daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün qarşılıqlı
maraq kəsb edən aidiyyəti istiqamətlər üzrə ayrıca razılaşmalar bağlaya bilərlər.
Maddə XI
Hazırkı Saziş Tərəflərin beynəlxaq hüquq və onların hər birinin digər BMT üzv-
dövlətləri ilə bağlanmış müqavilələr üzrə hüquq və öhdəliklərinə xələl gətirmir.
Tərəflərdən hər biri onunla digər hər hansı üçüncü tərəf arasında hazırda qüvvədə
olan beynəlxalq razılaşmaların onun bu Saziş üzrə götürdüyü öhdəliklərinə xələl
gətirməməsini təmin edəcəklər.
Maddə XII
Tərəflər ikitərəfli münasibətlərində beynəlxalq hüququ və bu Sazişi rəhbər
tutacaqlar. Tərəflərdən heç biri özünün daxili qanunvericiliyinin müddəalarına bu
Sazişi icra etməməyə haqq qazandırmaq üçün istinad etməyəcəklər;
Tərəflər, Müqavilələr hüququ haqqında Vyana Konvensiyasına (1969) uyğun
olaraq, bu Sazişin qüvvəyə minməsindən əvvəl onun obyekti və məqsədinə xələl
gətirən fəaliyyətlərdən çəkinəcəklər.
Maddə XIII
Tərəflər bu Sazişin tam icrasına zəmanət verirlər və hazırkı Sazişin icrasına
nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcəklər. Bu Komissiya Tərəflər
arasında razılaşdırılacaq modallıqlar əsasında fəaliyyət göstərəcək.
3Maddə XIV
Tərəflər, onların beynəlxalq hüquq və qarşılıqlı münasibətlərində onlar üçün
məcburi xarakter daşıyan müqavilələr üzrə hüquq və öhdəliklərinə xələl
gətirmədən, bu Sazişin təfsiri və tətbiqi ilə bağlı hər hansı mübahisəni, XIII
Maddədə istinad olunan Komissiya da daxil olmaqla, birbaşa məsləhətləşmələr
yolu ilə həll etmək istiqamətində çalışacaqlar. Bu məsləhətləşmələr 6 ay ərzində
Tərəflərin hər ikisi üçün məqbul nəticə vermədiyi təqdirdə, Tərəflər mübahisələrin
dinc yolla həllinin digər vasitələrinə müraciət edəcəklər.
Maddə XV
XIV Maddəyə xələl gətirmədən, Tərəflər hər hansı bir hüquqi müstəvidə onlar
arasında bu Sazişin imzalanmasından əvvəl mövcud olan bütün dövlətlərarası
iddiaları, şikayətləri, etirazları, iradları, icraatları və mübahisələri bu Sazişin
qüvvəyə mindiyi gündən bir ay ərzində geri çəkəcək, xitam verəcək və ya hər hansı
bir formada həll edəcəklər və bir-birinə qarşı bu cür iddiaları, şikayətləri, etirazları,
iradları və icraatları başlatmayacaq, və tərəflərdən hər hansı birinə qarşı hər hansı
digər üçüncü tərəfin başlatdığı bu kimi iddia, şikayət, etiraz, irad və icraatlara hər
hansı bir formada cəlb olunmayacaqlar;
Tərəflər bu Sazişin ziddinə bir-birinə qarşı diplomatik, informasiya və digər
sahələrdə düşmən addımlar atmayacaq, bu addımları həvəsləndirməyəcək və ya
hər hansı bir formada bu fəaliyyətlərə cəlb edilməyəcək və bu məqsədlə bir-biriləri
ilə müntəzəm məsləhətləşmələr həyata keçirəcəklər.
Maddə XVI
Bu Saziş Tərəflərin öz milli qanunvericiliklərinə uyğun olaraq daxili prosedurların
bitməsi barədə bildiriş sənədlərinin mübadiləsindən sonra qüvvəyə minəcək. Bu
Saziş BMT Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq qeydiyyatdan
keçiriləcək.
Maddə XVII
Hazırkı Saziş Azərbaycan, erməni və ingilis dillərində bağlanılmışdır, bütün üç
mətn bərabər autentikdir. Hər hansı autentik mətnin müddəasının təfsirində fikir
ayrılığı olduqda ingilis dilindəki mətn üstünlük təşkil edəcəkdir.
Tarix, məkan
4