"Zirə" avrokuboklarda mübarizəni erkən dayandıran ilk kollektiv oldu.
"Qartallar" Bakıda bərabərə razılaşdığı "Hayduk"a səfərdə layiqli mübarizə aparsa da sonda üzülən tərəf oldu.
Xorvatlar əlavə vaxtda vurduğu qolla növbəti mərhələyə vəsiqəni təmin etdi - 2:1.
Görəsən, Rəşad Sadıqovun komandasında mübarizəni davam etdirmək üçün nə çatmadı? Növbəti mərhələ yolunda nə həlledici oldu?
Sportinfo.az açıqlama verən futbol mütəxəssisi Vasif Haqverdiyev suallarımıza bu cür aydınlıq gətirib:
"Zirə" yaxşı bir mövsümü arxada qoymuşdu. Gümüş medal qazanan komandadan gözləntilər böyük idi. Baxmayaraq ki, rəqib "Hayduk" idi.
Xorvatlar təşkilatlanmış kollektiv olduğu üçün sözsüz ki, "Zirə" üçün çətin olacaqdı. Evdə 1:0 hesabını qorumaq mümkün olsaydı, psixoloji baxımdan səfərdə daha rahat ola bilərdi. Bərabərlikdən sonra evdə oynayan rəqib daha şanslı tərəfə çevrildi. Salifu Suma və Rafael Utziqin yoxluğu göründü. İkilinin qatqıtısı dəyə bilərdi.
Bundan başqa Brahim Konatenin zədə alması yerinə düşmədi. İlk oyunda göründü ki, orta xəttə çox kömək edir. Hücum xəttində axsama hiss olunurdu.
Rəşad Sadıqov yeni transferlərə ehtiyac duyacaq. "Zirə"nin ehtiyat qüvvəsi oyuna uyğunlaşa bilmədi. Oyunu penaltilərə daşımaq olardı. Amma rəqibin səviyyəli futbolçusu ustu zərbə ilə məsələni həll etdi.
Hamının "Zirə"dən yaxşı oyun gözləməsi normaldı. Klub yaxşı mövsüm keçirdiyi üçün gözləntilər böyükdür. Amma futbolda belə də olur. "Zirə" yaxşı təcrübə toplamış oldu. Çempionata hazırlaşa bilərlər. Məncə, futbolçular hələ ideal formada deyil. Bu da normaldır. Təlim-məşq toplanışdan sonra buna zaman lazımdır.
Ehtiyat qüvvə yetərli deyildi. Avrokuboklarda uğurlu olmaq üçün buna mütləq ehtiyac var. Komandanın içində olmadığımız üçün nəsə demək çətindir. Bəlkə axtardıqları oyunçunu tapa bilməyiblər və ya büdcə imkan verməyib. Daxili yarışlarda kasad heyət keçərli ola bilər, amma Avropa arenasında ehtiyat oyunçular da keyfiyyətli olmalıdır".
XANOĞLAN