RU

Bu İlham Əliyevin triumfual uğurudur!

Hələ mətnin kontenti ilə detallı tanış olmadan öncə ümumi nəzər yetirərkən belə müqavilənin son dərəcə peşəkar, yüksək biliyə malik beynəlxalq hüquq üzrə ekspertlər qrupu tərəfindən formalaşdırıldığının şahidi olursan.

Qalib və diktə edən tərəfin Azərbaycan olduğunu göz önündə saxlayarkən məqamlara toxunmadan öncə vurğulamalıyam ki, bu nailiyyət müstəqillik əldə olunduqdan sonra Ümummilli Liderimiz Heydər Əliyevin, davamında da cənab Prezident İlham Əliyevin xüsusi həssaslıqla yanaşdığı milli kadrların yetişdirilməsi istiqamətində atılan addımların bariz nümunəsidir.

İstər dövlət başçımızla Vaşinqtona yollanan diplomatlar komandanımız, istərsə də diplomatik meydanda sazişin ilk günlərdən qaralama, daha sonrakı məqamda yekun versiyası üzərində işləyən insanların əziyyəti, torpaq sevgisi ən yüksək tərifə layiqdir.

Budur illərlə gözlərimizin kökünün saralaraq gözlədiyi məsuliyyətli və ləyaqətli Azərbaycan vətəndaş obrazı. Keçək detallara. 

Azərbaycan və Ermənistan arasında sadəcə sülh ritorikasının deyil, bunun ideyasının belə əleyhinə olanların, dünyada  "Azərbaycanın Ermənistana qarşı ərazi aqressiyası" var deyənlərin ağzı yumulmuş oldu.

Həm də Ermənistanın daxilini xüsusilə də seçki qabağa nəzərə alsaq söhbət gələcəkdə tərəflərin bir-birinə hücum etməyəcəyindən gedir. Məsələ həm də odur ki, dövlət başçımız bildirmişdi ki, Ermənistan silah alması ilə bağlı imzaladığı müqavilələri ləğv etməli və olmayacağı ilə bağlı qarantiya verməlidir.

Bu cür hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə və dəstəklənməsinə yol verilməməsi məhz bu şərt və tələbdən irəli gəlir.

Məlum olan bir məsələ də odur ki, ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların ləğvi realdır. O baxımdan ki, Minsk Qrupuna daxil üç dövlət arasında ziddiyyətin ləğv məsələsinə nə dərəcədə təsir edəcəyi ilə bağlı mənfi proqnoz və narahatlıqlar olsa da ATƏT iştirakçı dövlətləri arasında yayılan qərarda Azərbaycan həmin iştirakçı dövlətlərlə ikitərəfli, çoxtərəfli və digər təsisat və strukturlarda yüksək münasibətlərə malikdir.

Bu, Qoşulmama Hərəkatı da daxil olmaqla bu günə qədər müxtəlif təsisatlarda Azərbaycanın lehinə verilən səslərin davamı olacaq. Hər iki tərəf sülhlə bağlı zərurət üzərində dayanır. Sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəkləri məsələsi isə həm Ermənistan, həm də Azərbaycan baxımından verilən ciddi mesajdır ki, heç bir halda bu və ya digər dövlətin iştirakı, onların rəqabəti bu məsələdə proyeksiya etdirilməyəcək. 

Ermənistanda daha da alovlandırılmağa çalışılan revanşist hissləri, qisas diş qıcamasını nəzərə alsaq tərəflərin dözümsüzlük, irqi nifrət və ayrıseçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərini pisləmələri, etimad quruculuğu da daxil olmaqla, dövlətlər qədər, cəmiyyətlər üzərinə də böyük məsuliyyət qoyur.

Düşünürəm ki, burada hər iki tərəfdən şüurlu, tarixini bilən, unutmamağı da bir əlində saxlayan, sayıq vətəndaş obrazı çizilməlidir. 

Keçmiş SSRİ-nin Sovet Sosialist Respublikaları arasında sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlik tərəfindən bu şəkildə tanındığı məlum məsələ idi, burada diqqətimi çəkən əsas məsələ isə siyasi müstəqillik məsələsidir. Bu məsələ sadəcə Ermənistan və Azərbaycan olmamaqla komprehensiv amildir. 

Öz müvafiq ərazilərindən hər hansı üçüncü tərəfin digər Tərəfə qarşı BMT Nizamnaməsinə zidd olaraq güc tədbiq etmək üçün istifadə edilməsinə imkan verməyəcəyi məsələsi də dövlət başçımızın "Milli maraqlarımızı realizə edərkən qonşularımızın, hətta qonşularımızın qonşularının da maraqlarını nəzərə alırıq" yüksək siyasi etikasının, sözü ilə imzasının bütöv olmasının təsdiqidir.

Daxili məsələlərə qarışmamaq odur ki, Qarabağ və Şərqi Zəngəzur adlarından başqa adlandırılma da, cəhd də olmayacaq.

Digər daxili məsələlər də daxiç. "Dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında vicdanla danışıqlar aparılması" sadə formada desək cığalçılığın olmayacağı ilə bağlı verilən vəd, qarantiyadır.

Birinci Qarabağ müharibəsi zamanı taleyi hələ də məlum olmayan insanların doğmaları gözü yoldadır. Düşünürəm ki, həmin insanların müqavilədə gözlərinin axtardığı ilk məsələ budur. 

Bundan sonra iqtisadiyyat, tranzit və nəqliyyat, ətraf mühit, humanitar və mədəniyyət daxil olmaqla ayrıca razılaşmaların bağlana biləcəyi də hər hansı kənar aktorun olmayacağının xəbərçisidir.

Mühüm məqam odur ki, nə Ermənistanın, nə də Azərbaycanın bu günə qədər beynəlxalq təşkilatlar və dövlətlərlə imzalanmış müqavilələri qüvvədən düşmür, bundan sonra da qüvvədədir, işlək və hüquqi mexanizmə malikdir.

Növbəti məsələ odur ki, nə Ermənistan, nə Azərbaycan bir-birini beynəlxalq məhkəmələrə "daşımayacaq", üçüncü tərəfin də başlatdığı istənilən iddiaya qarışmayacaq. Şübhəsiz ki, söhbət ayrı-ayrılıqda Azərbaycan və Ermənistanla olan münasibətlər baxımından Rusiya, İran, Türkiyədən və Fransadan da gedir. Tarixi arxivlərinin qaldırılması məsələsi də daxil. 

Sonda diqqət çəkən məqam mətnin ayrı, digər, başqa dillərdə deyil, məhz authentic olaraq Azərbaycan, erməni, ingilis dillərində bağlanmasıdır.

Mətn başdan-ayağa Azərbaycan Liderinin və xalqının triumfual tağıdır. 

Şəbnəm HƏSƏNOVA

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq

Избранный
45
50
far.az

10Источники