Çimdikləmək - elə də yaxşı vərdiş deyil. Heç cür əl götürə bilmirsənsə, ya əxlaqsızsan, ya da psixi pozğunluğun var.
Rusiyanın iş adamlarını "çimdikləmək" vərdişindən danışırıqsa, burada hər iki mənfi epitet birləşir, yəni mövzunun predmeti olur psixi pozğunluğu olan əxlaqsız.
SSRİ dağılandan sonra hakimiyyətə gələnlər kreslosunu və hökmünü saxlamaq üçün Boris Berezovski, Sergey Puqaçov, Mixail Xodorkovski və daha neçə-neçə milyoner və milyarderi "çimdikdən çıxara-çıxara" nəinki müflis edib, didərgin saldılar, bəzilərinin də ömrünün axırına çıxdılar.
Ümumiyyətlə, hansısa ölkədə imkanlı şəxslərin sıxışdırılması yaxşı nəticə vermir. Bunun nümunələrini əyani olaraq görmüşük. Məsələn, bu yaxınlarda Fransada Rusiyadakı kimi şər-böhtan yolu ilə deyil, vergilərin artırılması ilə hətta incəsənət adamlarının da ölkədən qaçdığı yadınızda olmamış deyil.
Rusiyadakı sıxışdırılmalar əlahiddə, üstəlik, getdikcə tündləşən xüsusiyyətə malikdir. Əvvəllər vəsaitlər təkcə hakimiyyətdə olanların doymayan qarınlarını doldurmaq, varlıların hakimiyyətə gedən yolunu bağlamaq üçün idisə, indi Ukraynanın işğalına, bu işğalı əhalinin beyninə "xüsusi hərbi əməliyyat" adı ilə yeritmək üçün Simonyan, Qabrielyan, Solovyov kimi təlxəklərin xidmət haqqının ödənilməsinə də kisə-kisə pul xərcləmək lazım gəlir. Pul sel kimi axır, amma mənbə "quruyur".
Özünü imperiyanın varisi elan edən dövlətdə işləyən, sizcə, kimdir? Əlbəttə ki, miqrantlar. İqtisadiyyatı dirçəldən kimdir? O da miqrantlar. Yəni Pribaltika ölkələri xaric Cənubi Qafqazdan, Orta Asiyadan gələn, biznes qurub, pul qazanmağı bacaranlar.
Ukraynanın işğalı ilə get-gedə təcrid vəziyyətinə düşən Rusiya avqustun 8-də ABŞ-də Azərbaycan və Ermənistan liderlərinin imzaladığı, beynəlxalq nəqliyyat marşrutunun - Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun (TRIPP) açılmasını ehtiva edən bəyanatla Cənubi Qafqazın əldən çıxdığını dərk etdi.
Özünün mənfur işğalçılıq məqsədlərilə 19-cu əsrin əvvəllərindən erməni ailələri zorla köçürdüyü, 20-ci əsrin sonlarında qan çanağına döndərib, 20 Yanvar, Xocalı faciələri kimi qətliamların törədilməsini körükləyən, birbaşa iştirakçısı olan, 30 ildən çox müddətdə əllərini bir-birinə sürtüb baş verənləri izlədiyi Azərbaycanla başını sığallaya-sığallaya, silah-sursatla təmin edə-edə özünün vassalına çevirdiyi Ermənistanın, nəhayət ki, öz aralarında razılığa gələrək, həmsədri olduğu ATƏT-in Minsk qrupunu cəhənnəmin ən isti bucağına göndərərək Rusiyanı fakt qarşısında qoymaları Moskvanın, təbii ki, xoşuna gəlmədi.
İlkin sülh sazişi ilə bağlı dünya dövlətləri Azərbaycan və Ermənistan liderlərinə təbriklərini çatdırdıqları müddətdə rəsmi Moskva dodağını sallayıb, qulaqlarını şəkləyib, kimin nə deməsindən asılı olaraq özünə yeni müttəfiq və düşmən seçməyi üstün tutdu. Sonra isə "həmlə" başladı.
Vladimir Solovyov kimi təlxəklərə inananların auditoriyası seyrəldiyindən onun əhalini Cənubi Qafqazda NATO bazaları ilə qorxutması, bəlkə də, artıq effektiv sayılmaz. Müharibədən bezən ruslara yenə də Cənubi Qafqazda ikinci "xüsusi hərbi əməliyyat"ın keçirilməsi ehtimalından dəm vurmaq da daxildəki narazılığı artıra bilər. Hələ bir müharibədən canları qurtarmayıb, sanksiya ardınca sanksiya "yeyən", ölkədən çıxıb qaça bilməyən ruslar növbəti "ət maşını"ndan keçirmək üçün tezliklə ölkədə miqrant da tapa bilməyəcəklər.
Belədə əlac qalır Dövlət Dumasının elə Solovyov kimi yelbeyin deputatlarına. Onlardan biri də (Andrey Qurulyov) qaralamaq, hədə-qorxu gəlmək təlimatını icra edən zaman özü də bilmədən qulu olduğu hökumətinin əxlaqsız şakərini açıb qoyur ortalığa: "Rusiyada azərbaycanlı sahibkarları da "çimdikləmək" mümkündür".
Yüksək maaşı sıravi vətəndaşların vergilərindən gələn, tulapayısı isə "çimdikləmək" istədiyi biznesmenlərdən qanuni-qanunsuz yolla qoparılan deputat bu sözləri deyəndə beyninin qurumaqda olan neyronları heç bir əziyyət çəkmir. Elə bu səbəbdəndir ki, sırf etnik mənsubiyyətlərinə görə ayrı-seçkiliyə məruz qoymaq istədiklərinin Rusiyanı tərk edib pulları başqa ölkələrdə qazanmaq ehtimallarını düşünmür də heç.
Doğrudan, bu şər yuvası ölkədə heç bir ağlı başında olan adam fikirləşmirmi ki, varlı azərbaycanlılar Rusiyanı tərk eləsələr, iqtisadiyyata yatırdıqları kapital əldən çıxsa, 140 milyon beşinci istinad nöqtəsi quruca yerdə qalıb don tutmayacaq?
Nəyinə lazım, hələ ki ölkəni tərk etməmiş milyonerlərdən alınan pulları yeyirlər, sonra kisənin dibində qalanları sivirəcəklər, o da bitəndə "ya eşşək ölə, ya psix..."(oxu.az)