2025-2026-ci tədris ili üzrə 125 min uşağın birincə sinfə qəbulu yekunlaşıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, proses ilkin mərhələdə Bakıda və regionlarda prioritet tətbiq olunmaqla həyata keçirilib. Hazırda hər kəs “məktəbəqəbul.edu.az” platformasına daxil olmaqla seçdikləri məktəb və müəllim üzrə, boş yer olduğu təqdirdə, tədris Azərbaycan və digər dillərdə aparılan ümumitəhsil müəssisələrinə sorğularını yerləşdirə bilər.
Proses sentyabrın 12-dək davam edəcək. Bu müddət ərzində sorğularını yerləşdirmiş valideynlər sənədlərini məktəblərə təqdim edə bilərlər.
Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq Agentlik bildirir ki, övladlarının 2025-2026-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər “mektebeqebul.edu.az” saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər.