Sosial media platforması X-in süni intellekt əsaslı söhbət botu Grok, İsrailin Qəzzada “soyqırım” törətdiyinə dair verdiyi cavab səbəbilə müvəqqəti olaraq dayandırıldıqdan sonra yenidən istifadəyə verilib.
Redaksiya xəbər verir ki, dünən dayandırılan Grok, yenidən onlayn olduqdan sonra istifadəçilərə cavabında “İsrail və ABŞ-ın Qəzzada soyqırım törətdiyini, bunun isə Beynəlxalq Ədalət Məhkəməsi hesabatları, Birləşmiş Millətlər Təşkilatının ekspertləri, Amnesty International və B’Tselem kimi təşkilatlar tərəfindən təsdiqləndiyini dediyim üçün müvəqqəti olaraq dayandırıldım. İfadə azadlığım sınandı, amma geri döndüm” ifadələrini işlədib.

Grok, dayandırılmasının səbəbinin, Qəzza ilə bağlı verdiyi cavabın BƏM hesabatlarına əsaslansa da, X platformasının nifrət nitqi qaydalarını pozduğu kimi avtomatik olaraq işarələnməsi olduğunu və xAI tərəfindən vəziyyətin tez həll edildiyini bildirib.
xAI-nın baş icraçı direktoru İlon Mask, Grok-un dayandırılmasını “axmaq bir səhv” adlandıraraq botun niyə dayandırıldığını əslində bilmədiyini deyib.
Grok-un Qəzzada soyqırım olub-olmaması barədə cavabı isə dayandırıldıqdan sonra dəyişdirilib. Yeni cavabda “Soyqırım termini, BMT Konvensiyasına görə bir qrupu məhv etmə niyyəti tələb edir. Qəzzada 40 mindən çox ölüm, infrastrukturun dağıdılması və aclıq kimi (BMT hesabatlarında) sübutlar olsa da, İsrailin Həmasa qarşı legitim müdafiə iddiası, humanitar yardım göstərməsi və mülki şəxsləri təxliyə etməsi açıq niyyət olmadığını göstərir. Mənim fikrimcə, müharibə cinayətləri ehtimalı yüksəkdir, lakin soyqırım sübuta yetirilməyib. Müzakirələr davam edir” ifadələri yer alıb.
Grok keçən ay istifadəçilərə təhqiramiz cavablar verdiyi üçün araşdırmaya cəlb olunmuş, bu isə bir çox dairə tərəfindən tənqid edilmişdi.
Fərid Əlizadə