RU

Xəzər GERİ ADDIMLAYIR: "Dəniz" yoxa çıxacaq? 

Dənizə tökülən çayların ekosistemləri də iqlim dəyişmələrinin təsiri ilə diferensial pozulmalara məruz qalıb. Ən kritik vəziyyət isə hazırda Kür çayında müşahidə olunur.

 

Bu, Coğrafiya İnstitutunun Xəzər dənizində su səviyyəsini və sahilboyu ərazilərdə landşaft-ekoloji şəraitdə baş verən dəyişiklikləri tədqiq etmək məqsədilə apardığı ekspedisiya zamanı məlum olub.

 

Təhlillərə görə, sahilboyu ərazilərin geomorfoloji quruluşundan asılı olaraq, dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində sahil xəttinin geri çəkilməsi müxtəlif intensivlikdə baş verir. Astara şəhərindən Göyşaban məntəqəsinə qədər sahillərin geri çəkilməsi daha zəif olmuş və 40–50 metrdən 200–300 metrə qədər dəyişib.

 

Ekoloq Rövşən Abbasov Referans-a açıqlamasında bu problem haqqında danışıb.

 



“Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi uzun müddətdir müzakirə olunan məsələlərdən biridir. Bir çox mütəxəssislər hesab edirlər ki, Xəzər dənizində səviyyə tərəddüdü dövri xarakter daşıyır. Bir müddətdən sonra səviyyənin yenidən artımı baş verə bilər. Digər aparılan tədqiqatlara görə isə səviyyənin aşağı düşməsi uzun müddət davam edəcək və bu davametmə fonunda çox böyük problemlər yaşana bilər”.

 

Ekspert bildirib ki, Xəzər dənizinin əsas su mənbəyi Xəzərə tökülən çaylardır və bu çaylar vasitəsilə Xəzərə külli miqdarda su gəlir.

 

“Son 15 ildə Xəzərə tökülən çayların suyunda kəskin azalma baş verib. Bu azalma əsasən Volqa çayını əhatə edir. Bir şeyi də nəzərə almalıyıq ki, Xəzərə su gətirən əsas çay elə Volqa çayıdır. Xəzər sularının 80 faizindən çoxu bu çay vasitəsilə gəlir. Buna görə də bu çayın suları bərpa olunmalıdır. Xüsusilə də, Rusiya ərazisində Xəzər hövzəsinə aid çaylarda xüsusilə Volqadan çoxlu su götürülür və Volqa üzərində tikilmiş su anbarlarının sahəsi 25 min kvadrat kilometrə yaxındır ki, bu da çox böyük bir ərazidir. Burada çox böyük itkilər baş verir. Bu da öz növbəsində Xəzərin səviyyəsini azaldır”.

 

Rövşən Abbasov qeyd edib ki, problemin həlli üçün Xəzəryanı dövlətlər biryerə yığışmalı və bu problemi müzakirə etməlidirlər. Rusiya da daxil olmaqla təkliflər hazırlamalıdırlar.

 

Fidan Vəlisoy 

Избранный
69
18
referans.az

1Источники