RU

Ronni Stam 7 il müddətinə həbs edildi

Niderlandlı keçmiş müdafiəçi, 41 yaşlı Ronni Stam narkotik alveri və çirkli pulların yuyulması ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Arena.az bu barədə Niderland mətbuatına istinadən məlumat verir.

41 yaşlı sabiq müdafiəçiyə qarşı hökm bu gün Breda məhkəməsi tərəfindən verilib. O, 700 kiloqram kokain qaçaqmalçılığı ilə məşğul olub. Cəza prokurorluğun tələb etdiyi 13 il həbsdən yüngül olub. Məhkəmə müəyyən edib ki, bütün ittihamlar sübuta yetirilməyib.

Ronninin qardaşı Ruddi də narkotik qaçaqmalçılığı ittihamı ilə üzləşib. O isə 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

Qardaşlar 2020 və 2021-ci illərdə narkotik qaçaqmalçılığı ilə məşğul olublar. 2024-cü il iyunun 10-da isə saxlanıblar.

Ronni Stam “Breda” və “Feyenoord”un futbol akademiyalarında yetişib. Əsasən “Breda”da çıxışı ilə diqqət çəkmiş Stam sonralar “Tvente”, “Uiqan Atletik” və “Standard”da oynayıb, 2016-cı ildə isə doğma klubu “Breda”da böyük futbolla vidalaşıb.

Stam Niderland yığmasına dəvət alsa da, “zanbaqlar” üçün çıxış etmək ona müyəssər olmayıb.

Ronni Stam “Tvente” ilə Niderland çempionluğunu (2009/2010) və “Uiqan Atletik”lə İngiltərə Kubokunu (2013) qazanıb.

Избранный
44
arena.az

1Источники