RU

“Kazinform” 105 illiyini qeyd edir

Bakı, 13 avqust, AZƏRTAC

Bu gün Qazaxıstanın rəsmi informasiya agentliyi “Kazinform” 105 illik yubileyini qeyd edir.

AZƏRTAC xəbər verir ki, “Kazinform” Qazaxıstan Respublikasında beynəlxalq status almış ilk və aparıcı dövlət xəbər agentliyidir. Agentlik bir əsrdən artıqdır ki, siyasət, iqtisadiyyat, təhsil, səhiyyə, idman, mədəniyyət və cəmiyyətin digər mühüm sahələrinə dair etibarlı və operativ informasiya yayır, həmçinin Qazaxıstan Prezident Administrasiyasının, parlamentin, hökumətin, regional hakimiyyət orqanlarının, milli maliyyə və sənaye strukturlarının fəaliyyəti haqqında rəsmi məlumatları təqdim edir.

“Kazinform” xəbərləri qazax, rus, ingilis, çin və özbək dillərində yayır.

Agentliyin mərkəzi ofisi Qazaxıstanın paytaxtı Astanada yerləşir, o, həmçinin ölkənin 17 regionunda təmsil olunur. İnformasiya agentliyinin respublikanın bütün bölgələrində müxbirləri var. “Kazinform”un müxbir məntəqələri Rusiya, Çin, Türkiyə, Avropa, Azərbaycan, Özbəkistan, Qırğızıstan və İordaniyada da mövcuddur. Bu gün agentliyin istifadəçilərinin coğrafiyası bütün dünya ölkələrini əhatə edir.

AZƏRTAC bu əlamətdar tarix münasibətilə “Kazinform” agentliyini təbrik edir. Hesab edirik ki, bu, sadəcə yubiley deyil, Qazaxıstan və beynəlxalq jurnalistika tarixində mühüm mərhələdir.

Həmkarlarımıza peşəkar əməkdaşlığa, dialoqa açıqlığa və informasiya dəstəyinə görə səmimi təşəkkür edirik. Birgə işimiz sayəsində məzmunumuz geniş beynəlxalq auditoriya üçün əlçatan olur, ölkələr və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edir.

Əminik ki, əməkdaşlığımız peşəkar jurnalistikanın təbliği, təcrübə mübadiləsi aparılması və etibarlı məlumatların yayılması istiqamətində bundan sonra da davam edəcəkdir.

Biz gələcək uğurlu əməkdaşlığa ümid edirik.

Избранный
2
2
azertag.az

3Источники