RU

Uşaq vaxtı yaşadıqlarımız davranış və düşüncə tərzimizə necə təsir edir?

"Uşaq vaxtı yaşadıqlarımızın indiki həyatımıza çox təsiri var". 

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib. 

O, bunun səbəblərindən danışıb:

"İstər məktəb dövrü, istər ailə mühiti, istərsə də böyüdüyümüz məhəllə və çevrəmiz gələcək həyatımıza çox təsir göstərir. Bu təsirlər mütləq şəkildə özünü gələcəkdə təhsilimizdə, işimizdə, özümüzü inkişaf etdirəcəyimiz mühitdə və yaxud olacağımız ortamda özünü göstərir. Yəni bir növ bizim əsas proqram rolumuzu oynayır". 

Ekspert qeyd edib ki, uşaqlıqda beynimizin ən təmiz və ən rahat vaxtları olur:

"Bu səbəbdən də o dövrlər ərzində beynimizdə toplanan hekayələr, yaşanan xatirələr gələcək zamanımıza, ömrümüzə aşılanacaq və ötürüləcək qədər bir depo rolunu oynayır. Bizim artıq xəyal gücümüz, daxili duyğularımız və istənilən ssenarilərimiz məhz oradan qaynaqlanmağa başlayır. Əgər biz özümüzü dəyişib inkişaf etdirməsək o keçmiş hekayələr bizimlə gələcəyə doğru gedəcək. Lakin inkişaf etdirib dəyişdirsək, bu artıq bizim gələcək həyatımıza da çox gözəl təsir edəcək". 

379760

Həmsöhbətimiz həmin təsirlərdən də söz açıb:

"Məsələn, daima tənqid olunan, alçaldılan, etdiyi işlərə dəyər verilməyən bir uşaq valideyn və ya onu böyüdən kimdirsə, onun etdiklərini önəmsəmirsə, "bacarmazsan", "alınmaz", "səndən olmaz" deyirsə - bu onun qüruru, mənliyi, mübarizəsi ilə oynamaq deməkdir. Bu cür tənqidlər bir növ həmin uşağı gələcəkdə ya aqressiv insana çevirir. Eyni zamanda, özünə qapanmış, inamsız və güvənsiz bir insan modeli formalaşdırır. 

Əgər onun bir əl qabiliyyəti və ya bacarığı olmasına baxmayaraq, dəstəklənmir və valideynin istədiyi istiqamətə yönəldilirsə, artıq o, gələcəyə qarşı inamını itirir. Həmin uşaq özünün deyil, valideynin istədiyi bir modelə çevrilir. Həmçinin, dava-qırğınlı, söz-söhbətli ailədə böyüyən uşaq gələcəkdə söz-söhbətə ya meyilli olur, ya da söz-söhbətdən qaçmaq üçün duyğu və düşüncələrini gizlədən birinə çevrilir". 

Nabat Mirzəyeva bildirib ki, əgər uşaq sevgi dolu bir ailədə böyüyürsə, gələcəyə daha sevgi dolu və emosional, müsbət baxır:

"Əgər uşağın potensialı, gücü, özünə güvəni formalaşdıran yollarla dəstəklənirsə, xəyalları önəmsənirsə, kiçik bir işi belə dəyərləndirilirsə, səhvlərində valideyn olaraq yanında durulursa onda həmin uşağın həyata qarşı sevgisi və inamı gücü olur.

Unutmayın, hər kəs zədələr və travmalar alır. Ancaq əsas məsələ odur ki, bu zədələr daha böyük ağrılara və izlərə çevrilməsin. Uşaqlıqda yaşadığımız hekayələr, bizə yaşadılan duyğu və düşüncələr bizim gələcək baxış bucağımızı, dünyaya, insanlara, təbiətə, heyvanlara sevgimizi və inamımızı formalaşdırır. Əgər biz özümüzü dəyişdirməsək, bu inam, güvən və ya əksinə, inamsızlıq və qorxu bizimlə qalacaq". 

Psixoloq sözlərini belə yekunlaşdırıb:

"Lakin onların gözəl tərəfini görəriksə, həyatımıza, insanlara və özümüzə başqa bir gözlə baxacağıq, özümüzü tapmağa başlayacağıq. Artıq başqalarında özümüzü axtarmayacaq, özümüzdə özümüzü axtarıb tapmağa çalışacağıq.

Yəni heç nə gec deyil. Travmalar varsa belə, bu, "həll olunmur" düşüncəsi ilə yanaşmaq səhvdir. Nəzərə almaq lazımdır ki, hər bir şey həll olunur, çözüm var. Sadəcə bunun üçün öz üzərimizdə işləməliyik. Bacarmırıqsa belə, bu zaman mütləq bir terapevtə, psixoloqa və ya mütəxəssisə müraciət etməliyik ki, keçmişdən qalan və bu gün bizi incidən hekayələrə dönüb baxa bilək". 

Pərviz

Избранный
8
hit.az

1Источники